“Təlim saatı”nda “E kodlu” qida əlavələri barədə danışılacaq
10 Aprel 2023 15:15


13 aprel 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsini, eyni zamanda bu sahədə elmi bazanın təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda “E kodlu” qida əlavələri haqqında məlumat veriləcək, bu kodların xüsusiyyətlərindən bəhs olunacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sahibkarlara xidmət departamentinin əməkdaşı Abbas Məlikə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
