Tərtərdə nöqsanlar aşkarlanan yağ istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
6 Fevral 2023 17:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Tərtər rayonunun Xoruzlu kəndində fəaliyyət göstərən yağ istehsalı sexinə baxış keçirilib.
İlkin baxış zamanı müəssisənin sanitariya-gigiyena qaydalarına və qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, eləcə də sexdə emal prosesinin primitiv üsulla həyata keçirildiyi aşkar edilib. Həmçinin məhsulların soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketlənmə aparılmadan istehsal edildiyi, eyni zamanda müşahidəedici sənədlərinin təsdiqlənmədiyi aşkarlanıb.
Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərinə çatışmazlıqları aradan qaldırmaq tövsiyə edilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
“Moon Pub” restoranında saxta alkoqollu içkilər aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Sabunçuda ev quşlarının kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı
Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.