Təsərrüfatlarda ciddi itkilərə səbəb ola bilən qəhvəyi mərmər taxtabiti zərərvericisi ilə mübarizə üsulları
2 Avqust 2021 15:37
Ölkəmizdə bitki sağlamlığının təmin olunması və təsərrüfatlarda zərərvericilərlə effektiv mübarizənin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ardıcıl tədbirlər davam etdirilir.
Agentlik bu istiqamətdə bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin təsərrüfatlarda işləyən əməkdaşları meyvə-tərəvəzləri təhlükəli zərərvericilərdən biri olan qəhvəyi mərmər taxtabitidən necə qorunmağın yolları ilə bağlı məlumatlandırıb.
Asiya mənşəli qəhvəyi mərmər taxtabiti Çin, Yaponiya, Koreya, Tayvan ölkələri üçün spesifik iyli taxtabiti növünə aid olub, mülayim-subtropik iqlim qurşağında yayılıb. Bu həşərat istisevəndir və +15-33° C temperatur həddində inkişaf edir. Zərərverici +15° C-dən aşağı temperaturda qışlamaya, +33° C-dən yüksək temperaturda isə diapauzaya (sükunət dövrü) keçir. Qəhvəyi mərmər taxtabiti polifaq zərərvericidir. Əsasən, üstünlük verdiyi gülçiçəklilər fəsiləsi (Rosaceae) ilə birlikdə 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Həm yetkin, həm də sürfə mərhələsində zərərverici bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü, gülü və toxumları ilə qidalanır. Bu zaman meyvə-tərəvəzin səthini zədələyərək həmin hissədə nekrozun yaranmasına, üst səthin kələ-kötür olmasına, qəhvəyi və ağ rəngli ləkələrin əmələ gəlməsinə və meyvələrin dadının dəyişməsinə səbəb olur. Qəhvəyi mərmər taxtabitinin vurduğu zərər ilk olaraq meyvənin xarici görünüşündə özünü göstərir. Sitrus bitkilərində, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qarğıdalıda dənin inkişafı dayanır, qərzəkli bitkilərdə (xüsusən fındıq) meyvələri sütül dövründə zədələyir və belə meyvələrdə ləpə inkişaf etmir. Pomidorda isə meyvənin ölçüsünün kiçik olmasına, çəkisinin itməsinə və dadının acı olmasına səbəb ola bilir. Ümumiyyətlə, qəhvəyi mərmər taxtabitinin qidalanması çoxlu sayda hüceyrə şirəsinin itməsinə, toxumların və meyvələrin deformasiyasına səbəb olur.
Qeyd edək ki, qəhvəyi mərmər taxtabitinin sahib bitkilsərindən 113-ü Azərbaycan florasında mövcuddur. Azərbaycanın əksər bölgələrinin bitki örtüyü və iqlim şəraiti zərərvericinin məskunlaşması üçün əlverişlidir. Xüsusilə də Lənkəran-Astara bölgəsi iqlim şəraitinə görə məskunlaşma üçün optimal mühit sayılır. Bundan başqa, həmsərhəd ölkələrdən də zərərvericinin Azərbaycana keçmə ehtimalı yüksəkdir. Qeyd edək ki, qəhvəyi mərmər taxtabitinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə də yayıla bilir.
Zərərli orqanizm aşkarlandığı təqdirdə onun ləğv edilməsi üçün bir çox mübarizə tədbirlərindən istifadə olunmalıdır. Qəhvəyi mərmər taxtabitinin ləğv edilməsi üçün yerli şərait nəzərə alınmaqla özündə fitosanitar, kimyəvi, bioloji, fiziki və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirləri həyata keçirildikdə ciddi karantin rejimi tətbiq olunmalı, qəhvəyi mərmər taxtabitinin yayıldığı ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla) və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır.
Zərərvericini nimfaların inkişafı dövründə bitki budaqlarını ağ parça üzərinə çırpma üsulu ilə, taxıl sahələrində isə entomoloji tor vasitəsilə asanlıqla aşkar etmək mümkündür.
Zərərvericiyə qarşı səmərəli kimyəvi mübarizə vasitəsi kimi Bifenthrin və Bifenthrin - Malation (10:1) qarışığından da istifadə olunur. İlk kimyəvi dərmanlamanı qışlamadan çıxan yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq lazımdır. Çünki bu zaman zərərvericinin aktivliyi də azalır.
Qışlama dövründə taxtabitinin aktivliyi kəskin aşağı düşdüyü üçün mexaniki tədbirlərdən istifadə edərək, zərərvericinin toplanması (süpürməklə, tozsoranla və s.), sonra isə yandırılması, sabunlu suda saxlamaqla məhv edilməsi daha səmərəlidir.
Ən müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərdən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır. Ekspertiza üçün tələlərə düşən həşəratlardan nümunə götürülür. Lazım gəldikdə həmin tələlərin üzərinə kimyəvi qatqılı yapışqan maye çəkilir. Bu zərərli orqanizm ilə mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağandır.
Ev şəraitində isə qəhvəyi mərmər taxtabitinə qarşı bir sıra mübarizə tədbirlərindən istifadə etmək olar. Belə ki, axşam saatlarında köhnə ağ parça və ya dəsmalları isladıb, yüngül sıxaraq uyğun olan yerlərə qoyulur və səhər onların büküşlərinə baxılır, fərdlər aşkar edildiyi halda sabunlu suda məhv edilir.
Qəhvəyi mərmər taxtabitinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, eləcə də sayından asılı olmayaraq aşkar edildiyi təqdirdə, bütün ocaqlarının tamamilə məhv edilməsi üçün düzgün mübarizə tədbirləri tətbiq olunmalıdır.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş