Təsərrüfatlarda ciddi itkilərə səbəb olan qəhvəyi mərmər zərərvericisi
28 Oktyabr 2022 13:10
Asiya mənşəli qəhvəyi mərmər zərərvericisi Çin, Yaponiya, Koreya,Tayvan ölkələri üçün spesifik iyli taxtabiti növünə aid olub, mülayim-subtropik iqlim qurşağında yayılmışdır. Zərərverici polifaq orqanizm olub, 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qida bitkilərindən 113-ü Azərbaycan florasında mövcuddur.
Zərərverici əsasən meyvə bitkilərindən fındıq, alma, armud, xurma, üzüm, sitrus bitkiləri, kivi, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, lobya, pomidor, texniki bitkilərdən şəkər çuğunduru, pambıq, günəbaxan, tütün, habelə qarğıdalı, soya, meşə, bəzək bitkiləri, kol, ot və s. bitkilərinə ziyan verə bilir.
Həm yetkin, həm də sürfə mərhələsində zərərverici bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü, gülü və toxumları ilə qidalanır. Bu zaman meyvə və tərəvəzin səthini zədələyərək həmin hissədə nekrozun yaranmasına, üst səthinin kələ-kötür olmasına, qəhvəyi və ağ rəngli ləkələrin əmələ gəlməsinə və meyvələrin dadının dəyişməsinə səbəb olur. Zərərvericinin vurduğu zərər ilk olaraq meyvənin xarici görünüşündə özünü göstərir. Sitrus bitkilərində, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qarğıdalıda dənin inkişafı dayanır, qərzəkli bitkilərdə (xüsusən fındıqda) meyvələri sütül dövründə zədələyir və belə meyvələrdə ləpə inkişafdan qalır.
Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayıla bilir.
Zərərverici aşkarlandığı təqdirdə onun ləğv edilməsi üçün bir sıra mübarizə tədbirlərindən istifadə olunmalıdır. Qəhvəyi mərmər zərərvericisinin ləğv edilməsi üçün yerli şərait nəzərə alınmaqla özündə fitosanitar, kimyəvi, bioloji və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirləri həyata keçirildikdə ciddi karantin rejimi tətbiq olunmalı, qəhvəyi mərmər zərərvericisinin yayıldığı ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla) və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır. Həmçinin sərhəd-keçid məntəqələrində çalışan və fitosanitar nəzarəti həyata keçirən əməkdaşlar zərərverici haqqında məlumatlı olmalıdırlar.
Zərərvericini nimfaların inkişafı dövründə bitki budaqlarını ağ parça üzərinə çırpma üsulu ilə, taxıl sahələrində isə entomoloji tor vasitəsilə asanlıqla aşkar etmək mümkündür.
Qışlama dövründə taxtabitinin aktivliyi kəskin aşağı düşdüyü üçün mexaniki tədbirlərdən istifadə edərək, zərərvericinin toplanması (süpürməklə, tozsoranla və s.), sonra isə yandırılması, sabunlu suda saxlamaqla məhv edilməsi daha səmərəlidir.
Ən müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərindən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır və tələlərə düşən həşəratlardan nümunə götürülərək ekspertiza üçün təqdim edilir.
Ev şəraitində isə qəhvəyi mərmər zərərvericisinə qarşı bir sıra mübarizə tədbirlərindən istifadə etmək olar. Belə ki, axşam saatlarında köhnə ağ parça və ya dəsmalları isladıb, yüngül sıxaraq uyğun olan yerlərə qoyulur və səhər onların büküşlərinə baxılır, fərdlər aşkar edildiyi halda sabunlu suda məhv edilir.
Zərərvericiyə qarşı kimyəvi mübarizə vasitəsi kimi peritroidlərdən olan bifenthrin, malation və s. kimyəvi maddələrdən istifadə səmərəli hesab edilir. İlk kimyəvi dərmanlamanı qışlamadan çıxan yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq məsləhət görülür. Mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağan edilir.
Qəhvəyi mərmər zərərvericisinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, eləcə də sayından asılı olmayaraq aşkar edildiyi təqdirdə, bütün ocaqlarının tamamilə məhv edilməsi üçün düzgün mübarizə tədbirləri tətbiq olunmalıdır.
Oxşar xəbərlər

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.