“Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib
24 Sentyabr 2026 14:39
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. Toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir. AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərildiyini bildirib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas məqsəd kimi qarşıya qoyulub.
Konfrans işini panel sessiyalarla davam etdirib. Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş