Trans yağ turşularının tənzimlənməsi ilə bağlı qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
20 Fevral 2023 16:17
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Qaydaya əsasən, yaxılabilən və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2%-dən çox olmamalıdır. Qayda kərə yağına və süd yağı əsaslı yağlara şamil edilmir.
Qeyd edək ki, “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən müvafiq məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 ay müddətində təmin olunmalıdır.
“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” ilə https://e-qanun.az/framework/53576 linki vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.