Vətəndaşlar qurbanlıq heyvan cəmdəyini (ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və KTN-in onlayn satış platforması üzərindən əldə edə bilərlər
30 İyul 2020 10:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir. İnsanlar arasında humanizm və mərhəmət rəmzi olan bu müqəddəs bayram günlərində hər bir Azərbaycan ailəsinə cansağlığı və xoşbəxtlik, süfrələrinizə isə bol ruzi-bərəkət arzulayırıq.
Müqəddəs bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən Qurban bayramında insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl olunması hər birimizin müsəlmanlıq və vətəndaşlıq borcudur.
Qeyd edək ki, bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Ona görə də vətəndaşların qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etmələri nəzərdə tutulub. Odur ki, vətəndaşlar həmin satış məntəqələrindən baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvan ətlərini, cəmdəklərini əldə edə bilərlər.
Pandemiya şəraitində insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələri, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etmək məqsədilə küçə və yol kənarlarında, parklarda və digər ictimai yerlərdə, xüsusi risk yaradan sanitariya və gigiyena tələblərinə uyğun olmayan ərazilərdə heyvan kəsiminin həyata keçirilməsi məqsədə uygun deyildir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi baytarlıq nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirlərini ardıcıl olaraq davam etdirəcək, bayramın sağlam və təhlükəsiz şəraitdə qeyd olunmasını təmin etmək üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Bir daha Qurban bayramı münasibəti ilə hər kəsi təbrik edir, kəsilən qurbanların və duaların qəbul olunmasını arzu edirik.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş