Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib
16 Yanvar 2025 14:17




Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı Türkmənistandan gətirilən pomidor məhsulunda virus aşkarlanıb. “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
Agentlik qeyd edir ki, yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.
Oxşar xəbərlər

"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb. Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

“Sağlam məktəbli” layihəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi məqsədilə növbəti görüş Kaspi liseyinin müraciəti əsasında adıçəkilən məktəbdə keçirilib. Tədbirdə iştirak edən 70-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat verilib. Şagirdlər öz növbələrində zərərli qidaların insan sağlamlığına mənfi təsirlərini əks etdirən səhnəcik nümayiş etdiriblər. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təhlükəsiz qidalanma necə olmalıdır?” və “Şəkərin insan sağlamlığına zərərləri” mövzularında təqdimatlar edilib. Görüşdə qidalanma mövzusunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.
