Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma: məqsəd bioloji təhlükəsizliyi gücləndirməkdir
15 İyul 2026 15:34
Ölkəmizdə heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xaricdən idxal olunan xırda və iribuynuzlu heyvanların beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınmasına keçid təşviq edilir.
Mövzu ilə bağlı yaranan suallara AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev aydınlıq gətirib. O bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı tələb olunan zoogigiyenik və baytarlıq normalarının təmin edilməsinə imkan verir. Bu nəqliyyat vasitələri tam dezinfeksiya oluna bilir, heyvanların yem və su ilə təmin edilməsinə, effektiv ventilyasiya sisteminin işləməsinə, eləcə də onların növünə və canlı çəkisinə uyğun sahə normalarına riayət olunmasına şərait yaradır.
Şöbə müdirinin sözlərinə görə, uyğunlaşdırılmış və ya qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır.
Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir.
Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur.
Daha ətraflı:
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş