Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir
11 May 2023 00:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.
“Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya (videogörüntü) yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir. Qanunun 24.8-ci maddəsinə əsasən, qiymətləndirilmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.
Cari ilin əvvəlindən Rusiya Federasiyası, İran İslam Respublikası, Belarus Respublikası və digər dövlətlərdə yerləşən bir sıra qida obyektləri Agentlik tərəfindən təsdiq və ya şərti təsdiq edilib. Beləliklə, sözügedən müəssisələr məhsullarını Azərbaycan Respublikasına ixrac etmək hüququ qazanıb.
2023-cü il 10 may tarixində Belarus Respublikasının Brest şəhərində yerləşən "Брестское мороженое" şirkətinə məxsus süd məhsullarının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmənin nəticələri Agentlik sədrinin müvafiq əmri ilə formalaşdırılmış Komissiyanın növbəti iclasında müzakirə edilərək, müəssisənin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Agentlik tərəfindən xarici ölkələrin səlahiyyətli dövlət qurumlarına müəyyən edilmiş möhlət bitdikdən sonra təsdiq edilməmiş obyektlərdən məhsulların idxal edilməsinə məhdudiyyət tətbiq ediləcəyinə dair xəbərdarlıq məktubu göndərilib.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Giriş