Yanvarın 1-dən qida məhsullarının etiketlənməsi ilə bağlı yeni tələblər qüvvəyə minəcək
3 Noyabr 2022 17:27


Məlum olduğu kimi, qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. “Qida təhlükəsizliyi haqqında” Qanunda etiketləmə tələblərinə dair yeni qaydalar yer alıb və yanvarın 1-dən qüvvəyə minir. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda, müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda yeni qanuna əsasən, qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
