Yasamal rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti reydlər keçirilib
15 İyul 2021 10:50
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə A keçidinin kəsişməsində yerləşən, fiziki şəxs Muradov Zakir Vəlixan oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, bina 7 ünvanında yerləşən, fiziki şəxs Əliyarov İsrayıl Kamran oğluna məxsus heyvan kəsimi məntəqəsi.
4. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 59 ünvanında yerləşən, fiziki şəxs Həşimov Hacıbala Mikayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 16 ünvanında yerləşən, fiziki şəxs Qafarov Rəfail Rafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

“Azza”nın istehsal etdiyi yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.