Zərərvericiyə qarşı birgə mübarizə: AQTA əməkdaşları Zaqatalanın 7 kəndində əhali ilə görüşlər keçirib
3 Noyabr 2025 14:52
AQTA Aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində Qəhvəyi mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan Agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA-a əməkdaşları sakinlərlə birgə zərəvercinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və onlara çap materialları təqdim ediblər. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər.
Qeyd olunub ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.
Beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunduğu vurğulanıb. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan da hazırlanır.
Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.
AQTA nümayəndələri Tacikistanda beynəlxalq tədbirdə iştirak edir
10–14 noyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Komissiyasının Dabaq üzrə ofisinin birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taun xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə Yol Xəritəsi” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev və Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun baş məsləhətçisi Natiq Cavadov təmsil edir. Xırdabuynuzlu heyvanların taun və dabaq xəstəliklərinə qarşı birgə mübarizə, peyvəndləmə strategiyalarının təkmilləşdirilməsi, laborator və nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də transsərhəd əməkdaşlıq və regional strategiyaların uyğunlaşdırılması məsələləri tədbirin müzakirə mövzularındandır. Qeyd edək ki, bu təşəbbüs 2030-cu ilədək xırdabuynuzlu heyvanlarda taunun tam ləğvi və dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi üzrə qlobal hədəflərə nail olmaq məqsədi daşıyır.
Giriş