Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb. Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.
Xəbər verildiyi kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir. Qeyd edək ki, ölkəmizə Türkiyə Cümhuriyyətindən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir. Məlumat üçün bildirək ki, 2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645120 litr (23700 litri rakı, 620890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46300 litr (5150 litri rakı, 41150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Cari ilin 3-7 mart tarixlərində keçiriləcək monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq sistemə daxil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq.
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran, İmişli, Tərtər və Ağdam rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zoologiya İnstitutu ilə birgə Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçirilir. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan 13 min aldadıcı yem paylanacaq. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Elektron siqaretlərin insan sağlamlığına yaratdığı risklər barədə araşdırmalar göstərir ki, veyplər düşündüyümüzdən daha zərərlidir. Belə ki, aparılan elmi tədqiqatlar sübut edib ki, veypin tərkibindəki nikotin asılılıq yaradır. Bununla da elektron siqaretin qəbulu ağciyər və ürək xəstəlikləri, xərçəng riskini artırır. Veyplərin sinir sistemi pozğunluqlarına yol açması və digər mənfi təsirləri də elmi araşdırmalar nəticəsində təsdiqlənib. Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Unutmayaq ki, sağlam həyat, doğru seçimlərdən başlayır!
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Koroşka, Savinska regionlarında blutanq, İsrail Dövlətinin Şimal dairəsində dabaq, Hindistan Respublikasının Çhattisqarh ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, çütdırnaqlı heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) direktor müavini Aleksey Tretyakov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevlə görüşən qonaq Mərkəzin direktoru Antonov Yevgeni Vyaçeslavoviçin salamlarını çatdırıb. Görüş zamanı Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin gördüyü işlərlə bağlı geniş təqdimat olub. Qeyd olunub ki, FGBU "VGNKİ" Rusiya ərazisində heyvanlar üçün yem, baytarlıq və sanitariya məhsullarının təhlükəsizliyini təmin etməklə, heyvan sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirir. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev Azərbaycanda heyvan sağlamlığı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə heyvan xəstəlikləri ilə mübarizə sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verir. Bu baxımdan hər iki qurum arasında faydalı əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdə maraq doğuran bir-sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, vaksinlərin keyfiyyətinin yoxlanılmasında beynəlxalq üsulların tətbiqi məsələləri müzakirə olunub. Bu sahədə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin "VGNKİ" tərəfindən həyata keçirilən laboratoriyalararası sınaqlarda iştirak etməklə, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub. Sonra Aleksey Tretyakov AQTİ-nin laboratoriyalarına baxış keçirib, burada müasir standartlara uyğun həyata keçirilən müayinələrlə yaxından tanış olub.
Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq "Azerbaijan Caviar" adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd "Azerbaijan Caviar" yazılı qutular və etiketlər də aşkarlanıb. Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
Son illər aparılan tədqiqatlar göstərir ki, bəzi ölkələrdə elektron siqaretlərin istifadəsi böyüklərlə müqayisədə gənclər arasında daha yüksək səviyyəyə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyanın müxtəlif regionlarında 13-19 yaşlı yeniyetmə və gənclər arasında elektron siqaret istifadəsi 2017-2022-ci illər arasında 2-3 dəfə artıb. Bu tendensiya isə narahatlıq doğurur, çünki elmi tədqiqatlar veyp istifadəsinin tənəffüs sistemi, ürək-damar sağlamlığı, həzm sistemi və beyin inkişafına mənfi təsir etdiyini sübut edir. Videoya keçid üçün link: https://youtube.com/shorts/Jj5NlYl9H-k?si=4Xw03kboJD13KxfT
Giriş