Bakıda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb
19 Aprel 2024 15:38
Ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatının həyətində fəaliyyət göstərən alkoqollu içki emalı müəssisəsində plandankənar yoxlama aparıb. Kustar üsulla yaradılmış obyektə baxış zamanı üzərində etiket məlumatları qeyd olunmayan alkoqollu içkilər, müxtəlif əmtəə nişanlı içki etiketləri, alkoqollu içki üçün qapaq və qapaq lentləri aşkar edilib. Həmçinin yoxlama zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi sahəsi üzrə qeydiyyatının olmadığı, sanitar texniki, sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, məhsullar üzərində istehsal tarixlərinin qeyd edilmədiyi, işçilər üçün fərdi dolablarla təmin olumuş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi aşkarlanıb. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması ilə bağlı ixtisaslaşmış qurumla müqavilə və ya təsdiqedici aktın olmadığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, hazır məhsulun markalanması üçün nəzərdə tutulan etiket məlumatların qanunvericiliyin tələbinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Bununla yanaşı, istifadə edilən xammalın (kupaj) keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlər və obyektdə çalışan işçilərin dövri tibbi müayinədən keçmələrini təsdiqləyən sağlamlıq arayışları yoxlamaya təqdim olunmayıb.
Müəssisədə aşkarlanmış nöqsanlarla bağlı bir sıra məhsulların dövriyyəyə çıxarılmasının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Kupaj saxlanılan çənlər və elektrikli nasos lentlənib və onların üzərinə möhür vurulub. Məhsullardan nümunələr götürülərək analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qablaşdırılmış içməli su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.