Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihələr əsasında Bərdə rayonunun Alpoud kəndində fəaliyyət göstərən heyvan bazarında iri və xırda buynuzlu heyvanların ticarəti təşkil edilib. Bazar ərazisində sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb, giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb. Dezbaryer - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə bazarın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiyaedici məhlulla doldurulmuş bölmədir. Girişdə eyni zamanda heyvanların bazar ərazisinə yalnız baytarlıq baxışından keçirildikdən sonra buraxılması mexanizmi tətbiq olunur. Nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün rampalar quraşdırılıb. Su və yem tədarükü görülüb. Ara məsafələri saxlanılmaqla heyvanlara baxış sahələri təşkil edilib. Bazarda iri buynuzlu və xırda buynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması və satışı təmin olunur. Satışdan sonra heyvanların nəqliyyat vasitəsilə daşınması zamanı baytarlıq arayışı və ya şəhadətnaməsinin verilməsi təmin edilir. Bazar yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılacaq ki, bununla da xəstəlik törədən mikroorqanizmlər kimyəvi maddələr və ya buxar vasitəsilə məhv ediləcək. İctimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq. Məqsəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınmasıdır. Heyvan sağlamlığını təmin etmədən qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Bərdə heyvan bazarında görülən işlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirib. Cari ilin 11-17 dekabr tarixlərində aparılan monitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9347 məhsula baxış keçirilib. Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma, məhsulların son istifadə tarixi barədə məlumatlarının qeyd edilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı aşkarlanıb. Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir. Uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularının seçimində diqqətli olmaq lazımdır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
AQTA yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov təhlükəsiz və keyfiyyətli taxıl məhsullarının əhəmiyyətindən bəhs edir. N.Əmirbəyov bildirir ki, taxılın becərilməsi, saxlanması və emalı prosesi bütün mərhələlərdə yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilməlidir. Unun vitamin və minerallarla zənginləşdirilməsi, xüsusilə uşaqlar və həssas əhali qrupları üçün gündəlik qida dəyərinin artırılmasına mühüm töhfə verir. Bu da qida təhlükəsizliyinin cəmiyyət üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərir. Keyfiyyətli taxıl məhsulları sağlam qidanın təminatında, ixrac potensialının yüksəldilməsində və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq! Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarx:
Bayram günlərində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları diqqətli olmağa çağırır. Qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadəsi qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur. Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etsinlər.
Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edib. Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir. Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz:
Astara rayonu, Şiyəkəran kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırova Aynura Hacıhüseyn qızına məxsus “Dolu” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketdə yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları və mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Lənkəran rayonunun Şovu kəndində yerləşən, fiziki şəxs Əliyev Nəriman Vahab oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 18-i Saatlıda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən Gülşən" ticarət mərkəzində yoxlama keçirib. Baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş, müfaviq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, Ağazadə Tural Aqil oğluna məxsus marketdə plandankənar yoxlama keçirib. Baxış zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, “Organic”, ”Gold Organic”, ”Baku” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş