Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir. Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir. Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir. Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın Vaş kantonunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavinska kantonunda, Mərakeş Krallığının Şərq regionunda blutanq xəstəliyi, Fransa Respublikasının Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit xəstəliyi, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, İraq Respublikasının Neynəvə əyalətində, Litva Respublikasının Klayped bölgəsində, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bu yaş dövrü uşağın qidalanma vərdişlərinin formalaşması üçün çox önəmlidir. Uşaqlar yeni dadları kəşf edir, müxtəlif qidaları sınayır və müstəqil seçim etməyi öyrənirlər. Düzgün qidalanma anemiya, artıq çəki, 2-ci tip şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri kimi qeyri-infeksion xroniki xəstəliklərin də riskini azaldır Unutmayaq: Sağlam gələcək, sağlam vərdişlərlə başlayır! Sözdən əmələ keç, sağlam qidalanmanı seç!
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu dəfə Balakən və Zaqatalanın 9 kəndinin sakinləri ilə görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, temperaturun aşağı düşməsi səbəbindən Qəhvəyi mərmər bağacığı aktivliyini itirərək yaşayış evlərinin, təsərrüfat binalarının, daş və taxta aralıqlarının, eləcə də digər isti sığınacaqların içərisində gizlənir. Görüşlər zamanı həmin gizlənmə yerləri əyani şəkildə sakinlərə göstərilir, zərərvericinin aşkarlanması və məhv edilməsi prosesi nümayiş etdirilib. Maarifləndirmə tədbirlərinin məqsədi əhalini payız-qış dövründə aparılan mexaniki mübarizə işlərinə cəlb etmək, zərərvericinin növbəti vegetasiya mövsümündə artmasının qarşısını almaqdır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 23-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 99) 786 77 86 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 22-dək qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının laborator müayinəsi həyata keçirilib. Təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində 281 fermerə məxsus arıçılıq məhsullarından ümumilikdə 1417 bal nümunəsi götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən 44 nümunədə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar edilmiş bal məhsullarının dövriyyədən çıxarılaraq utilizasiyası (təyinatının dəyişdirilməsi) və ya məhv edilməsi barədə sahibkarlara icrası məcburi göstərişlər verilib. Yarmarka müddətində satışa çıxarılacaq arıçılıq məhsullarına AQTA tərəfindən operativ nəzarət davam edəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə Rusiyadan iribuynuzlu heyvanların idxalı, eyni zamanda bu istiqamətdə hər iki tərəfdən operativ əlaqənin qurulması üçün məsul şəxslərin təyin olunması ilə bağlı məsələlər nəzərdən keçirilib. Görüş zamanı laboratoriya tədqiqatları və xüsusi təhlükəli heyvan xəstəliklərinin izlənilmə mexanizmləri üzrə məlumatlar diqqətə çatdırılıb. Görüşdə ölkələrarası baytarlıq nəzarəti tədbirləri üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır. Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir. Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək.
Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Belə ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma proseslərində tələblərə riayət olunmaması infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında bir sıra tələblərə ciddi şəkildə əməl olunmalıdır: - bazarların ərazisi hasarla sərhədlənməli; - giriş və çıxışda dezobaryerlər olmalı; - mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işləri aparılmalı; - bazara daxil olan heyvanlar müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməli; - heyvanlar müvafiq təlimatlara uyğun identikləşdirilərək satışa çıxarılmalı; - ixtisaslı mütəxəssis tərəfindən nəzarət təmin olunmalı; - heyvanların daşınması müvafiq təlimatlara uyğun yerinə yetirilməli; - satış üçün bazarlarda uyğun şərait yaradılmalı; - baytar həkimin nəzarəti təmin edilməlidir. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb edir. Buna görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi, müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Bazar rəhbərləri onlara təqdim olunan müvafiq təlimatlara əməl etməlidir. Qeyd edək ki, dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə xəstə heyvanların virusunun sürətlə yayılması səbəbilə heyvan bazarlarını bağlamaq qərarı verilib. Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən "Azər Konyak" MMC-yə məxsus “Azər Konyak” şərab evində yoxlama keçirib. Baxış zamanı “Göy-Göl”, “Gold Krım”, “Bacchus”, “Azərbaycan Qızılı” və “Украина” əmtəə nişanlı alkoqollu içkilərin Azərbaycan dilində etiket məlumatları ilə müşayiət olunmadığı, “Профессионал”, “Aloe Vera”, ”Минск”, ”Холодок”, “Organic”, “Nature Drop”, “Qərbi Azərbaycan”, “Brand Line”, “Хлебная Мера”, “Akedemik”, “Bambok”, “Украинское Золото”, “Белорусский Cтандарт” əmtəə nişanlı alkoqollu içkilərdə isə ünvan və istehsal tarixlərinin qeyd olunmadığı müəyyən edilib. İçkilərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində “Украина”, "Aloe Vera", “Bacchus" əmtəə nişanlı alkoqullu içkilərin tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, məhsullar dövriyyədən çıxarılıb və məhv edilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş