Qida Təhlükəsizliyi Agentliyinin Şərqi-Zəngəzur və Qarabağ regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən, Sultanlı Davud Məmməd oğluna məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub. Belə ki, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib. Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəcəfova Şəfiqə Qara qızına məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək labarator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Cari ilin 17-21 noyabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev 3–7 noyabr 2025-ci il tarixlərində keçirilən Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 89-cu sessiyasında iştirak edir. Sessiya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında təşkil olunub. AQTİ nümayəndəsi Ramazan Nəbiyev sözügedən sessiyada Avropa regionu üzrə məsləhətçi qismində təmsil olunur. Kodeks Alimentarius Komissiyası qida təhlükəsizliyi və qida məhsullarının beynəlxalq ticarətinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, beynəlxalq səviyyədə qəbul olunmuş təlimatlar, ümumi prinsiplər, eləcə də ümumi və xüsusi standartlar hazırlayan beynəlxalq tənzimləyici qurumdur. Azərbaycan 2011-ci ildən etibarən Komissiyanın 189 üzvü sırasına daxildir. Azərbaycan nümayəndəsinin bu mötəbər tədbirdə Avropa regionu üzrə məsləhətçi statusunda təmsil olunması ölkəmizin qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin növbəti göstəricisidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avromed Company” QSC-nin Baş icraçı direktoru Kamran İsgəndərov bioloji aktiv qida məhsullarının təhlükəsiz dövriyyəsi və düzgün istifadəsinin vacibliyinə diqqət çəkir. O bildirir ki, vitamin kompleksləri, balıq yağı, probiotik və kollagen tərkibli məhsullar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu kateqoriyaya aid məhsulların saxtalaşdırılması halları dünya miqyasında ciddi narahatlıq doğurur və nəzarət mexanizmləri zəif olduqda, insan sağlamlığı üçün real risk yaradır. Kamran İsgəndərovun sözlərinə görə, bu cür məhsullar qida rasionunu tamamlayır, lakin onu əvəz etmir. Buna görə də sağlam seçim etmək üçün yalnız rəsmi qeydiyyatdan keçmiş və etibarlılığı sübut olunmuş məhsullardan istifadə edilməlidir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elvin Vahid oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı kustar üsulla hazırlanmış, etiketində yanlış məlumatlar qeyd edilən saxta alkoqollu içkilər aşkarlanıb. 27 ədəd “Organic Premium”, 79 ədəd “Axcy”, 31 ədəd “N1 Organic” əmtəə nişanlı saxtalaşdırılmış alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən, fiziki şəxs Vəliyeva Şahnaz Nurəddin qızına məxsus un məmulatlarının emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində divar, döşəmə və tavan səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan işçi masanın dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə emal prosesi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir. Növbəti nəzarət tədbirləri Beyləqan, Gədəbəy, Füzuli, Salyan, İmişli, Qəbələ, Şəki, Tovuz, Qazax və Sabirabad rayonlarında rayonlarında həyata keçirilib. İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə başlanılıb. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında aparılır. Bir sıra rayonlarda bazar sahiblərinin intensiv şəkildə ərazilərdə müvafiq tədbirlər gördüyü müşahidə olunur. Ərazilərə dezobaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır. Bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən təbii mineral suların qeydiyyatı, keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Təbii mineral suların keyfiyyət və təhlükəsizliyinə dair tələblər AQTA Kollegiyasının 2025-ci il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nda müəyyən edilib. İstehsalçılar sənəddə göstərilən fiziki-kimyəvi və mikrobioloji göstəricilərə, istehsal, qablaşdırma, etiketlənmə və dövriyyə tələblərinə tam şəkildə əməl etməlidirlər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” və Şahbuz rayonundakı “Badamlı” qazlı mineral suları AQTA tərəfindən qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha bir ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub. Tədbirdə iştirak edən 150 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş