Daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Qurbanov Asif Yusif oğluna məxsus süd məhsullarının emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Süd məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlandığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 41 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 3-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 4-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 53 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 9 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 6-sı tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Bjelovar-Biloqora bölgəsində, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Daxil olan müraciət əsasında Astara şəhəri, H.Əliyev küçəsi 150 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Kamran Həmidulla oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub. Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək. Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq. Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib. Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.
Kütləvi tədbirlər zamanı ictimai iaşə müəssisələrində qida məhsullarının təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün xammalın qəbulundan başlayaraq, saxlanma və emal proseslərinə qədər bütün mərhələlərdə sanitariya-gigiyena tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Xammalların çirklənmədən qorunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanmalı, soyuducu avadanlıqlar məhsulların xüsusiyyətlərinə uyğun yüklənməli və mal qonşuluğu prinsipinə əməl olunmalıdır. Emal sahələrində döşəmə, divar və tavanların asan təmizlənə bilən materialla üzlənməsi, doğrama lövhələrinin və alətlərin vəziyyəti, həmçinin onların təyinat üzrə ayrılması da çirklənmə riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Qida blokunda çalışan işçilərin şəxsi gigiyenaya əməl etməsi, təmiz, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir. İşçilər işə başlamazdan əvvəl tibbi müayinədən keçməli, əllərində hər hansı bir yara və ya xəstəlik əlaməti olduqda qida ilə təmasdan uzaq tutulmalıdırlar. Əks halda qida məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər. Bundan əlavə, yuma çanaqları da funksiyalarına görə ayrılmalı – işçi əllərinin, qida məhsullarının və alətlərin yuyulması üçün ayrıca bölmələr yaradılmalıdır. Hazır qidaların təhlükəsiz saxlanılması üçün isti və soyuq qidalar üçün uyğun temperatur rejimi təmin edilməlidir. Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması insan həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. Odur ki, qida məhsulları ilə davranışda qeyd olunan qaydalara əməl olunması önəmlidir. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:https://www.youtube.com/watch?v=uNMIxrNzvwk
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İsmayıllı rayonu, Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Salmanov Şirvan Aslan oğluna məxsus ət satışı məntəqəsində yoxlama keçirib. Baxış zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunverciliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirilib. Tədbirdə bitkiçilik məhsullarının ixracı zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsiri diqqətə çatdırılıb. Bildirilib ki, ixrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmadığı üçün idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasına gətirib çıxarır. Daha sonra sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, növbəti görüşün Göyçay rayonunda keçirilməsi qərarına gəlinib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüş keçirib. Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədən heyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvan mənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanları müzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkin mərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədilə epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvan xəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfə verəcək. Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin, laboratoriyaların yaradılması və digər məsələlər də müzakirə olunub. Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə Muxtar Respublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması imkanları yerində dəyərləndirilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş