Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində “Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürülüb. Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən, Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir. Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir: Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması üçün mühüm nəzarət mexanizmidir. Sağlamlıq və xəstəliklərə nəzarət: İdentifikasiya sayəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi barədə dəqiq məlumat toplanır, bu isə xəstəliklərin yayılmasının minimuma endirilməsinə və heyvanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir. Qida təhlükəsizliyi: Heyvanların qeydiyyatı və izlənməsi qida təhlükəsizliyi zəncirinin - “fermadan süfrəyə” konsepsiyasının qorunmasına şərait yaradır. Bu, heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir. Kənd təsərrüfatı və heyvandarlığın inkişafı: Heyvanların izlənilməsi məhsuldarlığın artırılması, heyvan mənşəli məhsulların effektiv idarə olunması və elmi tədqiqatların aparılması üçün vacibdir. Ərzaq təhlükəsizliyi: İri və xırdabuynuzlu heyvanların dəqiq sayının müəyyənləşdirilməsi üçün identifikasiya və qeydiyyat mühüm rol oynayır. İtirilmiş və oğurlanmış heyvanların tapılması: Heyvanların identifikasiya məlumatları itmiş və ya oğurlanmış heyvanların axtarışını asanlaşdırır və onların kimə məxsus olduğunu müəyyən edir. Bu, oğurluq hallarında hüquqi sübutu kimi də istifadə olunur. Nəticə etibarı ilə, heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır.
Naxçıvanın quşçuluq sənayesinin inkişaf perspektivlərinə dair onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov, Naxçıvan Muxtar Respublikası (NMR) Baş nazirinin birinci müavini Elşad Əliyev, Muxtar Respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, həmçinin digər dövlət qurumları və quşçuluq müəssisələrinin rəhbər şəxsləri iştirak edib. Görüşdə quşçuluq sənayesinin mövcud vəziyyəti, quş əti ilə ölkənin daxili tələbatının təmin olunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycanın yüksək patogen quş qripindən azad ölkə statusunu qoruyub saxlaması, xüsusi təhlükəli xəstəliklərin ölkə ərazisinə daxil olmasının qarşısının alınması istiqamətində görülən tədbirlər yerli quşçuluq məhsullarının beynəlxalq bazarlara maneəsiz çıxışına və ixrac potensialının artırılmasına geniş imkan yaradır. Yekunda müvafiq dövlət qurumlarının nümayəndələrinin Naxçıvana ezam edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında ixrac baytarlıq sertifikatları üzrə elektron məlumat mübadiləsinin təşkili və təkmilləşdirilməsinə dair onlayn görüş keçirilib. Görüş zamanı tərəflər əvvəlki razılaşmaların icra vəziyyətini nəzərdən keçirib, UN/CEFACT beynəlxalq standartları əsasında hazırlanmış servis spesifikasiyalarının texniki aspektlərini müzakirə ediblər. Müzakirələr zamanı texniki inteqrasiyanın növbəti mərhələləri və servis spesifikasiyalarının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib. Qeyd olunub ki, əməkdaşlığın inkişafı ixrac baytarlıq sertifikatlarının beynəlxalq standartlara uyğun, etibarlı, şəffaf və operativ şəkildə elektron mübadiləsini təmin etməklə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsinə və rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə 23–24 iyul tarixlərində Balakən və Zaqatala rayonlarında növbəti fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər Balakən rayonunun Kortala, İtitala, Püştətala və Roçəhməd kəndlərində, eləcə də Zaqatala rayonunun Aşağı Tala, 3-cü Tala və Göyəm kəndlərində həyata keçirilib. Müşahidələr zamanı zərərvericinin uçuş dinamikasının izlənilməsi üçün feromon tələlərə baxış keçirilib, tələlərə düşmüş yetkin fərdlər uçota alınıb və populyasiyanın davamlı monitorinqi məqsədilə əlavə feromon tələləri quraşdırılıb. Monitorinq nəticələrinə uyğun olaraq, zərərvericinin aşkarlandığı budaq və torlu yuvaların mexaniki üsulla kəsilərək məhv edilməsi, zərurət yaranan ərazilərdə isə təhlükəsizlik qaydalarına riayət edilməklə lokal kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib. AQTA vətəndaşları, bələdiyyələri və təsərrüfat subyektlərini həyətyanı sahələrdə, park və yaşıllıq ərazilərində, eləcə də meyvə bağlarında mütəmadi fitosanitar müşahidələr aparmağa çağırır. Amerika ağ kəpənəyinə məxsus tor yuvaları və tırtıllar aşkar edildiyi halda onların vaxtında mexaniki üsulla məhv edilməsi, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə müraciət olunması tövsiyə edilir. Erkən mərhələdə həyata keçirilən fitosanitar tədbirlər zərərvericinin geniş ərazilərə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Cibcibə virusu (Şarka virusu) gavalı, ərik, şaftalı və nektarin kimi çəyirdəkli meyvə ağaclarının ən təhlükəli virus xəstəliklərindən biridir. Bu virus məhsuldarlığın azalmasına, meyvələrin keyfiyyətinin pisləşməsinə və ağacların zəifləməsinə səbəb olur. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yalnız sertifikatlaşdırılmış əkin materiallarından istifadə edilməli, bağlarda mütəmadi fitosanitar müşahidələr aparılmalı, budama və digər aqrotexniki tədbirlər zamanı istifadə olunan kəsici alətlər dezinfeksiya edilməli, həmçinin virusun əsas daşıyıcılarından olan mənənələrə və alaq otlarına qarşı vaxtında mübarizə aparılmalıdır. Ağaclarda xəstəlik əlamətləri müşahidə edildikdə, dərhal aidiyyəti qurumlara məlumat verilməsi və yoluxmuş bitkilərin müəyyən olunmuş qaydada məhv edilməsi tövsiyə olunur. Daha ətraflı:
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən Türkiyədən idxal olunmuş, “Cosmoactive İlaç Anonim Şirketi”-inin istehsalı olan “Bilgam” TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürüb. Məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla avqustun 5-i saat 16:00-dək qəbula yazıla bilərlər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə keçirilən maarifləndirici təlimlər davam etdirilir. Bu istiqamətdə sahibkarlar və qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib. Təlim zamanı mətbəx sahəsində praktiki nümunələr əsasında əyani izahlar təqdim olunub, fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanması və dövriyyəsinə dair tələblər izah edilib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, bilik və bacarıqları dəyərləndirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı onlayn görüş keçirilib. Görüş zamanı Türkiyədə heyvanların identifikasiyası və qeydiyyatının hüquqi və institusional əsasları, izləniləbilənlik, epizootoloji nəzarət, informasiya sistemləri və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də sistemin tətbiqinin nəticələri və gələcək inkişaf istiqamətləri müzakirə edilib. Görüşdə heyvan sağlamlığının qorunması, epizootik xəstəliklərin qarşısının alınması və izləniləbilənliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş