Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olub. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub. İdxal və ixrac prosedurları üzrə mövcud geniş potensial nəzərə alınaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün razılıq alınıb.
Milli Məclisin deputatı Azər Badamov Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub. Millət vəkilinin sözlərinə görə, quzuların erkən yaşda kəsilməsi yerli cinslərin sayının kəskin azalmasına səbəb olur. Mövcud vəziyyət isə xaricdən heyvan ətinin tədarükünü zəruri edir. Ona görə də insanların bu kampaniya vasitəsilə maariflənməsi çox vacibdir. “Bu azalmanın kökündə dayanan əsas səbəblərdən biri mal-qaranın və xırdabuynuzlu heyvanların erkən yaşlarında kəsilməsi ilə bağlıdır. Təbii ki, bu yolverilməzdir. Çünki quzu və dana əti erkən yaşlarında bioloji cəhətdən də lazımi səviyyəyə gəlmir. Yəni əzələ kütləsi yığılmır. Bu hal həmçinin mal-qaranın və xırdabuynuzlu heyvanların sayının azalmasına da kəskin təsir göstərir. Bunun baş verməməsi üçün isə yeni çağırışlar olmalıdır. Çağırışlar ondan ibarətdir ki, xırdabuynuzlu heyvanların kəsimi altı-doqquz aydan sonra həyata keçirilməlidir”, – deyə, deputat bildirib. Azər Badamov çağırış edib ki, bu aksiyaya cəmiyyətin hər bir üzvü qoşulmalıdır. Videomüraciətlə linkdən tanış ola bilərsiniz:
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq keçirib. Monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus “Wolf Fitness” idman zalında arıqlamaq məqsədilə qəbul edilən “L-Carnitine 2000 caffeine” əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus “Arslan” fitnes zalında isə “Gold Standart Whey”, “C4-Pre Workout”, “Argipower 120 cephl” əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Monitorinq zamanı həmçinin “İRON MAXX”, “Whey.az”, “Protein Shop” mağazalarında, “Qol güləşi idman kompleksi”ndə, “Wolf Fitness”, “Just FİT”, “Arslan Fitnes” və “Adrenaline” idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Monitorinqlər davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib. Baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun tərkibinə seçilib. İşçi Qrupunun fəaliyyəti çərçivəsində əkin sahələrinin dronlar vasitəsilə müşahidəsi, bitkilərin sağlamlığının rəqəmsal qiymətləndirilməsi, eləcə də digər innovativ texnologiyaların sınaqlarda istifadəsi ilə bağlı elmi və tənzimləyici məsələlər müzakirə olunur. AQTA nümayəndəsinin bu beynəlxalq İşçi Qrupunda təmsil olunması Azərbaycanın bitki mühafizəsi və pestisidlərin tənzimlənməsi sahəsində qlobal müzakirələrdə fəal iştirakının göstəricisidir. Bu, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, milli tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və aidiyyəti sahədə institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır. Müəyyən edilmiş qaydalara əsasən, bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir. Qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanmalıdır. Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır. Satış yerlərində sanitariya və gigiyena qaydalarına riayət olunması da mühüm şərtlərdəndir. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya edilməlidir. Həmçinin tullantıların yığılması üçün qapalı konteynerlərin olması vacibdir. Eyni zamanda qida məhsullarının satışı ilə məşğul olan şəxslərin sağlamlıq vəziyyəti də nəzarətdə saxlanılmalıdır. Satıcılar tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır. Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək bildirir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması və satışı təmin olunmalıdır. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə olunur. Həmçinin soyuduculardakı yeməklərin saxlandığı qabların üstünün polietilen material ilə deyil, qapaqla bağlanması arzuolunandır. Eyni zamanda qidaları, xüsusilə meyvə və tərəvəzləri plastik qablarda saxlamamaq, sobada bişirilən yeməklərin üstünü folqa ilə örtməmək, şüşə və ya çini (farfor) qablardan istifadə etmək məsləhət görülür. Qeyd edək ki, istehsal, emal, qablaşdırılma, daşınma, saxlanma və istehlak zamanı istifadə edilən qabların qida məhsulları ilə birbaşa təmasda olan, yəni qidaya toxunan hissəsi “qida ilə təmas edən material” adlandırılır. Qida ilə təmas edən istənilən material isə insan sağlamlığına mənfi təsir edə biləcək kimyəvi maddələri qida məhsuluna buraxmamalıdır. Bunun üçün də müvafiq qablaşdırma materialları mütləq texniki normativ aktlarla müəyyənləşdirilən tələblərə cavab verməlidir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər davam etdirilir. “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr olunmuş növbəti təlimdə iştirakçılara müəssisə fəaliyyətinin qüvvədə olan qanunvericiliyin, eləcə də sanitariya-gigiyena normalarının tələblərinə uyğun şəkildə təşkili barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində qida təhlükəsizliyində şəxsi gigiyenanın rolu, təmizlik qaydalarına riayət olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, zərərvericilərə qarşı mübarizə tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları iştirakçılara ətraflı izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlimi uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş