Kütləvi tədbirlər zamanı ictimai iaşə müəssisələrində qida məhsullarının təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün xammalın qəbulundan başlayaraq, saxlanma və emal proseslərinə qədər bütün mərhələlərdə sanitariya-gigiyena tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Xammalların çirklənmədən qorunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanmalı, soyuducu avadanlıqlar məhsulların xüsusiyyətlərinə uyğun yüklənməli və mal qonşuluğu prinsipinə əməl olunmalıdır. Emal sahələrində döşəmə, divar və tavanların asan təmizlənə bilən materialla üzlənməsi, doğrama lövhələrinin və alətlərin vəziyyəti, həmçinin onların təyinat üzrə ayrılması da çirklənmə riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Qida blokunda çalışan işçilərin şəxsi gigiyenaya əməl etməsi, təmiz, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir. İşçilər işə başlamazdan əvvəl tibbi müayinədən keçməli, əllərində hər hansı bir yara və ya xəstəlik əlaməti olduqda qida ilə təmasdan uzaq tutulmalıdırlar. Əks halda qida məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər. Bundan əlavə, yuma çanaqları da funksiyalarına görə ayrılmalı – işçi əllərinin, qida məhsullarının və alətlərin yuyulması üçün ayrıca bölmələr yaradılmalıdır. Hazır qidaların təhlükəsiz saxlanılması üçün isti və soyuq qidalar üçün uyğun temperatur rejimi təmin edilməlidir. Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması insan həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. Odur ki, qida məhsulları ilə davranışda qeyd olunan qaydalara əməl olunması önəmlidir. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:https://www.youtube.com/watch?v=uNMIxrNzvwk
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İsmayıllı rayonu, Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Salmanov Şirvan Aslan oğluna məxsus ət satışı məntəqəsində yoxlama keçirib. Baxış zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunverciliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirilib. Tədbirdə bitkiçilik məhsullarının ixracı zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsiri diqqətə çatdırılıb. Bildirilib ki, ixrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmadığı üçün idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasına gətirib çıxarır. Daha sonra sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, növbəti görüşün Göyçay rayonunda keçirilməsi qərarına gəlinib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüş keçirib. Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədən heyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvan mənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanları müzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkin mərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədilə epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvan xəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfə verəcək. Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin, laboratoriyaların yaradılması və digər məsələlər də müzakirə olunub. Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə Muxtar Respublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması imkanları yerində dəyərləndirilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Şiralıyev Kavus Lələ oğluna məxsus “Nurlan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, işçi masaların gigiyenik səthə malik olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 111 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 5-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Bildiririk ki, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinin pozulması gələcəkdə ixrac potensialına mənfi təsir göstərməklə yanaşı, müəyyən qadağalara da səbəb ola bilər. İxrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara yapışqanlı stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Tələblərə əməl edilmədikdə bu hal idxalçı ölkələrin tələblərinin pozulmasına gətirib çıxarır ki, bu da uyğunsuzluq kimi dəyərləndirilir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialını və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər. Hazırda bitkiçilik məhsullarının ixracında artım dinamikası qeydə alınmaqdadır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənmə və qablaşdırma materiallarına dair tələblərinə, həmçinin “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir. Sahibkarlar əlavə sualları yaranacağı təqdirdə, Agentliyin mərkəzi aparatına, həmçinin müvafiq regional bölmələrinə və 1003 qaynar xəttinə zəng vuraraq müraciət edə bilərlər.
Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Alar kəndində fəaliyyət göstərən sahibkar Qiyasov Tahir Bayram oğluna məxsus “Karvan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içki aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniya Respublikasının Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstan Respublikasının Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstan Respublikasının Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviya Dövlətinin Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliya Respublikasının Santarem dairəsində, İspaniya Krallığının Andalusiya muxtar icmasında, Norveç Krallığının Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər cari ilin 24 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş”i məmnunluqla xatırlayıblar. Bildirilib ki, bu Saziş bitki sağlamlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, dövlət nəzarəti altında olan malların idxal və ixrac prosedurlarının sadələşdirilməsinə, bitki xəstəliklərinin qarşısının alınmasına və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin avqust ayından isə Pakistan İslam Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi Agentlik tərəfindən tanınıb. Bu qərar ixracın genişləndirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradıb. Görüşdə həmçinin Pakistandan Azərbaycana heyvan mənşəli məhsulların idxalının həyata keçirilməsi məqsədilə baytarlıq sertifikatlarının razılaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş