AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı müraciət edib
11 Yanvar 2023 12:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlərini davam etdirir.
Aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Bildiririk ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifentrin tərkibli preparatlardan istifadə edilməsi səmərəli hesab olunur. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda, dərmanlama təkrarlana bilər. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə, təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayıla bilir. Hazırda zərərvericinin yayıldığı arealda əhalinin maarifləndirilməsi üçün bukletlərin paylanılmasına başlanılıb. Vətəndaşlara diqqətli olmaq, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunur.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş