AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir
5 Aprel 2023 17:15








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Qazax rayonunun Sadıqlı və İkincı Şıxlı kəndlərində fərdi evlərə, əkin sahələrinə, xüsusi tikililərə və digər ictimai yerlərə təkrar baxış keçirilib. Baxış zamanı qəhvəyi mərmər bağacığının yayılma arealının müəyyən edilməsi və mexaniki mübarizə tədbirləri məqsədilə feromon tələlər asılıb. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında məlumat verilib, həmçinin maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.
Əlaqə üçün: (+994 99) 708 85 88 (Qərb rayonları üzrə)
(+994 99) 308 85 88 (Şimal qərb rayonları üzrə)
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

İdxal olunan nektarin tinglərində uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
