Masallı rayonunda fəaliyyət göstərən təsərrüfatda kartofun qonur çürüməsi xəstəliyi aşkar olunub
19 Avqust 2021 17:19
Ölkəmizdən Rusiya Federasiyasına ixrac olunan kartof məhsulunda kartofun qonur çürüməsi bakteriyasının aşkarlanması ilə bağlı daxil olan bildiriş əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Araşdırma zamanı bildirişin daxil olduğu 2 yük partiyası kartof məhsulunun Rusiya Federasiyasına yerli logistika şirkəti ”ATRO Co” MMC tərəfindən daşındığı məlum olub. Agentlik əməkdaşları logistika şirkətinin təchizatçısı Alim Əliyevin Masallı rayonunun Təklə kəndi ərazisində yerləşən təsərrüfatında fitosanitar müşahidələr aparıblar. Müşahidələr zamanı kartof yığımı artıq başa çatdığından və ixrac olunan məhsul partiyası Azərbaycan Respublikasına qaytarılmadığından məhsullardan laborator analizlər üçün nümunələr götürmək mümkün olmayıb. İxrac olunan məhsulun Rusiya mənşəli toxum materialından ("Udacha" çeşidi) yetişdirildiyi müəyyən edilib. Lakin nümunə qalmadığından toxum materialının da müayinəsini həyata keçirmək mümkün olmayıb. Həmçinin sözügedən bakteriyanın suvarma sularında öz mövcudluğunu saxladığı nəzərə alınaraq, həmin şəxsə məxsus ümumi sahəsi 10 hektar olan təsərrüfatdan, ətraf sahələrdən, habelə ərazidən keçən sulardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində fiziki şəxs Alim Əliyevə məxsus təsərrüfatdan götürülmüş torpaq nümunəsində kartofun qonur çürüməsi bakteriyası aşkarlanıb.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi tərəfindən sirayətlənmiş sahədə yerləşən torpaqlarda 5 il müddətində qeyd olunan xəstəliyin əsas sahib bitkiləri - kartof, pomidor, badımcan, tütün, yerfındığı, bibər və pambıq əkininin dayandırılması, həmçinin bu müddət ərzində təmiz par, buğda, yonca, lobya və qarğıdalı daxil olmaqla növbəli əkinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərara əsasən, müvafiq sahədə yerləşən torpaqlarda istifadə edilən texnika və alətlərin yalnız təmizlənərək dezinfeksiya edildikdən sonra digər sahələrdə istifadə olunmasına icazə verilir. Eyni zamanda sirayətlənmiş sahədə yerləşən torpaqda qalan kartof toxumları və qalıqların cücərtiləri göründüyü təqdirdə dərhal məhv edilməsinin təmin olunması və hər 6 aydan bir torpaq və qrunt sularından nümunələr götürülərək kartofun qonur çürüməsi bakteriyası üzrə laborator müayinələrin həyata keçirilməsi qərara alınıb. Həmçinin əkin sahəsinin ətrafında 3 km radiusda ərazinin bufer zona olaraq müəyyənləşdirilməsi qərarda öz əksini tapıb.
Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizəsi tədbirlərinin görülməsi və bu barədə Agentliyə məlumat verilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb, aparılan araşdırmaların nəticələri və görülən tədbirlər barədə Rusiya Federasiyasının müvafiq qurumuna məlumat verilib.
Bununla yanaşı, kartof idxalı üzrə Agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi Təşkilatına fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun kartofun qonur çürüməsi bakeriyasından azad olmasını təsdiq edən laborator protokolun fitosanitar sertifikatı ilə müşaiyət olunmasına dair məktublar ünvanlanıb. Qeyd olunan tələblərin gözlənilmədiyi hallarda məhsulun ölkəmizə idxalına icazə verilməyəcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş