Pepino mozaik virusunun bitkilərə vurduğu zərər və mübarizə üsulları
6 Avqust 2021 15:26
Pepino mozaik virusu kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan təhlükəli virusdur. Pepino mozaikin simptomları virusun genotipinə, sirayətlənmiş bitkinin növünə, vegetasiyasına və iqlim şəraitinə görə dəyişir. Sirayətlənmiş bitkilərin kök, gövdə, yarpaq və meyvəsində aşkar edilə bilər. İlkin simptomlar sirayətlənmədən 2-3 həftə sonra görünür. Saplaqda və çiçək qruplarında çiçəklərin və meyvələrin inkişafına təsir göstərə biləcək qəhvəyi zolaqlar müşahidə edilə bilər. Pepino mozaik virusu ilə bitkinin yoluxmasının ümumi əlaməti meyvənin mərmər görünüşlü olması və yarpaqlarda xlorotik rəng dəyişkənliyidir. Virusa yoluxan pomidor bitkilərinin yarpaqlarında kiçik və parlaq sarı ləkələr, sarı-yaşıl mozaika, xloroz, deformasiya, uc yarpaqlarının yüngül qıvrılması, yaşıl yarpaqlarda “xallanma” kimi fərqli viral simptomlar müşahidə edilir. Bitki inkişaf etdikcə yarpaqlardakı simptomlar azalır və ya itir. Buna baxmayaraq, təxminən 4 həftə əvvəl pepino mozaikə sirayətlənmiş və inkişaf etməkdə olan bitkinin demək olar ki, bütün yeraltı və yerüstü hissələrində virusa rast gəlinir. Bəzi hallarda yarpaq və ya gövdədə nekroza səbəb olur. Pepino mozaik virusla sirayətlənmiş bitkidə meyvənin rəngi dəyişir, üzərində qeyri-müntəzəm xətlər müşahidə olunur. Meyvənin üzəri mərmər görünüşlü olub, sarı-narıncı rəng alır. Meyvələrdə istehlak dəyərini aşağı salan çatlama, qeyri-bərabər yetişmə, deformasiyalara və kasa yarpaqlarında qəhvəyi rəng dəyişkənliyinə də rast gəlinir.
Bu virus pomidor istehsalında məhsuldarlığı və meyvənin əmtəəlik keyfiyyətini aşağı salmasına görə ən təhlükəli viruslardan biri hesab olunur. Pepino mozaik xüsusilə istixanalarda yetişən pomidorlarda 40%-ə qədər məhsul və keyfiyyət itkisinə səbəb ola bilər.
2001-2003-cü illərdə İngiltərədə pomidor istixanalarında aparılan tədqiqatlar nəticəsində virusa yoluxma səbəbindən pomidor istehsalı 6-38% azalıb. 2006-cı ildə məhsulda keyfiyyət itkisi daha az hiss olunsa da, ümumi gəlir itkisi 5-10% arasında olub. Belçikada mütəxəssislər pomidor istehsalçılarının verdiyi məlumatlar əsasında pepino mozaik virusunun səbəb olduğu illik itkini 50% qiymətləndiriblər. İspaniyada isə pepino mozaik virusu pomidor istixanalarında 15-80% məhsul itkisinə səbəb olmuşdur.
Sirayətlənməsi və yayılması olduqca asan və tez, mübarizəsi isə həddindən artıq çətin olan pepino mozaik virusuna qarşı ən səmərəli mübarizə üsullarından biri davamlı sortların əkilməsidir. Virusa qarşı davamlı sort və hibridlərin yaradılması mübarizə baxımından ən vacib məsələlərdəndir.
İstehsal sahəsindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və virusun simptomları olan bitkilərin üzərinə böyük plastik torbalar keçirilərək diqqətlə çıxarılmalı, sağlam bitkilərə toxunmadan istixanadan kənarlaşdırılaraq yandırılmalıdır. Yoluxmuş bitkinin səthə toxunmamasına xüsusi diqqət etmək lazımdır. Tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir. İstehsal sahəsində çalışan işçilər təmiz iş paltarı və əlcək istifadə etməli, istixananın hər bölməsi üçün iş paltarlarını dəyişməlidirlər. Əllər tez-tez sabunlu su ilə yuyulmalı, istixanaların giriş qapılarında dezenfektan hopdurulmuş ayaqaltılar qoyulmalıdır. Alət və avadanlıqlar təmizlənməli və dezinfeksiya edilməlidir. Bu məqsədlə məhsul yığımı zamanı əlcəklər, budama qayçıları, kənd təsərrüfatı alətləri 3-5%-li yağsız süddə saxlanılmalıdır. Məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır. İşçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.
Bundan əlavə, turizm məqsədilə xarici səyahətlər zamanı və ya digər yollarla toxum və bitki materialının nəzarətdən kənar ölkəyə gətirilməsi yolverilməzdir. İstehsal sahələrində virusdan qorunmaq üçün gigiyena qaydalarına riayət edilməli, xəstəlik mütəmadi monitorinqlərlə nəzarət altında saxlanılmalı və müəyyən olunduğu ərazilərdə ocaqlar məhv edilməlidir.
Pepino mozaik virusu ilə yoluxmamış əkin və səpin materialından istifadə edilməlidir. Toxumlar 70-80°C-də 48-72 saat saxlanıldıqda və 1%-li ağardıcı maye və ya 10%-li Na3PO4 ilə dezinfeksiya edildikdə toxumun cücərmə qabiliyyəti qalmaqla pepino mozaik virusu məhv edilə bilər.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş