Heyvanların qeydiyyata alınması qida təhlükəsizliyinin vacib atributudur
24 Sentyabr 2021 12:25
İdentifikasiya heyvanların fərdi qeydiyyata alınma prosesi (identikləşdirmə) olub, heyvanlara fərdi identikləşdirmə nömrəsinin (kod) verilməsi, heyvanlar barədə məlumat bazasının yaradılması və heyvanların pasportlaşdırılması prosesini özündə əks etdirir. Ölkədə heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən baytarlıq-sanitariya tədbirləri, epizootik vəziyyət, həmçinin heyvandarlığın inkişafı barədə operativ məlumatların əldə olunmasında identifikasiya sisteminin rolu böyükdür.
Əvvəllər heyvanların tanınması məqsədilə nişanlanması nömrələmə, damğalama, qulağın kəsilməsi və s. üsullardan istifadə olunmaqla həyata keçirilirdi. Lakin bu üsulların heyvan rifahına mənfi təsiri, nömrənin silinməsi və oxunması ilə bağlı yaranan çətinliklər, nömrənin saxtalaşdırılma mümkünlüyü və digər bu kimi çatışmazlıqlar yeni identifikasiya üsullarının tətbiqi zərurətini yaradıb. Bu məqsədlə hazırda vizual və elektron qulaq birkaları, mikroçip, bolyus və s. kimi tanınma nişanlarından istifadə olunaraq heyvan barəsində zəruri məlumatlar elektron məlumat bazasında toplanır.
Qeyd edək ki, identifikasiya sistemi əsasında heyvanların məruz qaldığı baytarlıq tədbirləri (peyvəndləmə, antibiotiklərin və digər baytarlıq preparatlarının tətbiqi və s.), həmçinin diaqnostik nəticələr barədə məlumatlar əldə etmək mümkündür. Baytarlıq preparatlarının orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqı, daşınma və kəsim dövründə heyvanlara nəzarət, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin üstünlüklərindəndir. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının qida zənciri boyunca izlənilməsinə və təhlükəsizliyinə, nəticə etibarilə insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına imkan verir. İdentifikasiya sistemi həm də ölkə daxilində heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunması və istehsal edilən məhsulların ixracı zamanı mövcud maneələrin aradan qaldırılmasına zəmin yaradır.
Heyvan sağlamlığının təmin olunmasında və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalında identifikasiya sistemi böyük əhəmiyyət kəsb edir. Odur ki, bu sistemin tətbiqi ilə heyvanların genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, baytarlıq-sanitariya və heyvan sağlamlığı ilə bağlı digər zəruri tədbirlərin tənzimlənməsi əsasında ölkəmizin müasir qida təhlükəsizliyi standartına inteqrasiyasını sürətləndirmək mümkündür.
Hazırda ölkəmizdə AQTA tərəfindən heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) yaradılması prosesi həyata keçirilir. İdentifikasiyanın ilk mərhələsi 2021-ci ildə pilot layihə kimi Bakı və Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi, 2022-ci ildən etibarən isə identifikasiyanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunması nəzərdə tutulur.
Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva və F. Əlizadə tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş