Pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində hansı qaydalara əməl olunmalıdır
29 Sentyabr 2020 15:01
Koronavirus pandemiyası dövründə təhsil müəssisələrində təhsilalanların və digər şəxslərin sağlamlığının qorunması və COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması başlıca şərtdir. Təhsil müəssisələrinin fəaliyyətinin pandemiya şəraitinə uyğun təşkili zamanı internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırıldığından, təhsilalanların mümkün qədər fərdi qaydada hazırlanmış qablaşdırılmış qidalarla təhsil aldıqları sinif otaqlarında qidalanmaları tövsiyə olunur.
Bu tip təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahələrində sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalı və həmin yerlər təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməlidir. Xüsusilə də qida qəbulu sahələrinin girişində və masaların üzərində əllər üçün spirt tərkibli dezinfeksiya vasitəsi qoyulmalıdır. Sosial məsafənin təmin olunması üçün döşəmələrə xəbərdaredici nişanlar yerləşdirilməlidir. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
İşçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin edilməlidirlər. Həmçinin işçi heyətə daxil olmayan şəxslərin mətbəxə girməsinə yol verilməməlidir.
Ümumi istifadə olunan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulub növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanmalıdır. Mətbəxlərində sosial məsafənin gözlənməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrində yeməyin hazırlanması dayandırılmalıdır. Həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunmalıdır. Qeyd edək ki, peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana və ya bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.
Məktəbəqədər təhsil müəssisələrində isə koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması üçün işçi heyətlə yanaşı, valideynlər də məsuliyyət daşıyır. Valideynindən təlim-tərbiyə müəssisəsinə daxil olarkən uşaqların sağlamlıq vəziyyəti ilə bağlı məlumat alınmalıdır. Həmçinin müəssisə daxilində uşaqların hərarəti hər gün yoxlanmalıdır. Məktəbəqədər təhsil müəssisələrində çalışan hər kəsin sanitariya və gigiyena qaydalarına əməl etməsi şərtdir. Xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün qida ilə təmas edən səthlərin, avadanlıqların mütəmadi olaraq təmizlənməsi və dezinfeksiyası həyata keçirilməlidir.
İşçi heyət xidmət zamanı sosial məsafə prinsipini qorumağa və yaxın təmasdan çəkinməyə diqqət yetirməlidir. COVID-19-a yoluxma və ya xəstəliyin yayılma təhlükəsinin qarşısını almaq üçün xörəklərin hazırlanmasından əvvəl və sonra, eləcə də yeməklərin hazırlanma müddətində mətbəxdə işləyənlərin əllərini axar su altında sabunla azı 20 saniyə yuması vacibdir. Unutmayın ki, əllərin təmiz yuyulması qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır.
Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətlərinə uyğun şəkildə bağlı rəflərdə üstü qapalı şəkildə saxlanmalıdır. Bu qida məhsullarına mümkün qədər az sayda işçi heyətin toxunması təmin edilməlidir. Çarpaz çirklənmə ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır. Heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.
Mətbəxdə istifadə edilən bütün xidmət alətləri qabyuyan maşında 60° C və ya daha yuxarı temperaturda yuyulmalıdır. Mətbəxdə müvafiq yerlərdə möhkəm və ağzı bağlanan tullantı qabları, habelə əlcək, üz sipəri, baxil və digər fərdi qoruyucu vasitələrin atılması üçün nəzərdə tutulan qablar yerləşdirilməsi vacibdir.
Uşaqların qidalanması üçün nəzərdə tutulan qida qəbulu sahəsi müntəzəm olaraq havalandırılmalıdır. Bundan başqa, təlim-tərbiyəyə cavabdeh əməkdaş tərəfindən qidalanmadan əvvəl və sonra uşaqların əllərini sabunla axar su altında təmiz yumasına nəzarət edilməlidir. Yeməyin paylanmasını təmin edən şəxsin sanitar-gigiyenik qaydaları və sosial məsafəni gözləməsi, fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsi vacib şərtlərdəndir.
Oxşar xəbərlər
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Giriş