1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib
16 Mart 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi Four Seasons Otelində 1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.
Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbir iştirakçılarını salamlayaraq Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Xarici qurum və təşkilatlara aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli may ayında ölkəmizdə baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan 2018”-in qida zənciri iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas tədbir iştirakçılarını salamlayaraq, qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanları haqqında məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında video-çarx təqdim olunub.
Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə Agentliyin qısa və orta müddətli hədəfləri haqqında təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.