AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
9 İyul 2024 16:57

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.
İclasda iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, ölkədə heyvan sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq edilən yeniliklər barədə geniş məlumat verilib.
Daha sonra iclasda müvafiq komissiyanın nizamnaməsi təsdiq olunub. Eyni zamanda “Heyvandarlıq və heyvandarlıq məhsullarının identifikasiyası və onların milli və eko-regional səviyyədə izlənməsi layihəsi”nin Yol Xəritəsi, heyvan ticarəti və heyvandarlıq məhsulları ilə bağlı maneələr və onların sərhədlərdə hərtərəfli karantinlə daşınmasının asanlaşdırılması məsələləri nəzərdən keçirilib. Baytarlıq-sağlamlıq sertifikatları üzrə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə edilib. Həmçinin ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusunun təsdiqlənməsi və müvafiq sertifikata layiq görülməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Azərbaycanın bu sahədə təcrübəsinin regionda təbliğ olunması məsələsinin iclasın yekun hesabatına daxil edilməsi qərara alınıb.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
