AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
9 İyul 2024 16:57
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.
İclasda iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, ölkədə heyvan sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq edilən yeniliklər barədə geniş məlumat verilib.
Daha sonra iclasda müvafiq komissiyanın nizamnaməsi təsdiq olunub. Eyni zamanda “Heyvandarlıq və heyvandarlıq məhsullarının identifikasiyası və onların milli və eko-regional səviyyədə izlənməsi layihəsi”nin Yol Xəritəsi, heyvan ticarəti və heyvandarlıq məhsulları ilə bağlı maneələr və onların sərhədlərdə hərtərəfli karantinlə daşınmasının asanlaşdırılması məsələləri nəzərdən keçirilib. Baytarlıq-sağlamlıq sertifikatları üzrə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə edilib. Həmçinin ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusunun təsdiqlənməsi və müvafiq sertifikata layiq görülməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Azərbaycanın bu sahədə təcrübəsinin regionda təbliğ olunması məsələsinin iclasın yekun hesabatına daxil edilməsi qərara alınıb.
Oxşar xəbərlər
Heyvanları nodulyar dermatit xəstəliyindən necə qorumaq olar?
Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən, yaz və yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəliyin yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayılması mümkündür. Nodulyar dermatit zamanı heyvanların dərisində düyünlər yaranır. Bu xəstəlik yüksək hərarət, iştahasızlıq, dəridə 1-5 sm ölçüdə yumru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur. Nodulyar dermatit xəstəliyi ilə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına müvafiq qurumlar tərəfindən aparılır. Peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq, heyvanları 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Tizi-Uzu əyalətində dabaq, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Tizi-Uzu əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində xəstəlik baş vermiş təsərrüfatın 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.