Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir işə başlayıb
2 İyul 2024 15:53
Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir işə başlayıb.
Üç gün davam edəcək tədbir çərçivəsində bu gün Bakıda PPR və FMD üzrə Regional Məsləhət Qrupunun (RMQ) iclası keçirilir. İclasda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev bildirib ki, son illərdə ölkəmizdə qida təhlükəsizliyi, həmçinin heyvan sağlamlığı sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi heyvan xəstəlikləri ilə mübarizə sahəsində öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycan Respublikasının PPR-dən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və bu barədə sertifikat 30 may 2024-cü il tarixində Nümayəndələr Assambleyasının Ali Baş Sessiyasında ölkəmizin nümayəndə heyətinə təqdim edilib. Həmçinin vurğulanıb ki, ölkəmiz də daxil olmaqla, regionda qeyri-stabil epizootik statusa malik olması nəzərə alınaraq, FMD-nin regional əməkdaşlıq mexanizmləri tətbiq edilməklə ləğv olunması və bu xəstəliyə davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib. Bunun üçün “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. Eyni zamanda qeyd olunub ki, RMQ-nin nizamnaməsi çərçivəsində fəaliyyətin genişləndirilməsi və Qrupun işinə mümkün olan hər cür dəstəyin göstərilməsi planlaşdırılıb. Eləcə də ÜHST-nin təşəbbüslərinə qoşularaq heyvan xəstəliklərinin bioloji təhlükəsizliyə, insan sağlamlığına və ətraf mühitə mənfi təzahürlərinin minimuma endirilməsi bu sahə üzrə fəaliyyətin əsasını təşkil edir. Heyvan xəstəliklərindən azad zonanın yaradılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulub. Qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə FMD-yə nəzarətin gücləndirilməsi və ilkin olaraq peyvəndləmə aparılmaqla azad zonanın yaradılması istiqamətində fəaliyyət davam etdirilir.
Daha sonra iclasda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və ÜHST-nin Mərkəzi Asiya üzrə Subregional Nümayəndəliyinin rəhbəri Mereke Taitubayev çıxış edib. Onlar tədbirin əhəmiyyətli olduğunu vurğulayaraq görülən işlərin regionda PPR və FMD-nin aradan qaldırılmasına töhfə verəcəyini bildiriblər.
Çıxışlardan sonra iclasda RMQ-nin fəaliyyəti ilə bağlı görülən və həyata keçirilməsi nəzərdə tutulan işlər nəzərdən keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib.
Qeyd edək ki, tədbir çərçivəsində sabah beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulub. İyulun 4-də isə ölkəmizin sədrliyi ilə RMQ-nin fəaliyyətinin, həmçinin FMD ilə bağlı regional vəziyyətin, peyvəndlərin uyğunlaşdırılmasının, seçilməsinin və digər məsələlərin müzakirə edilməsi, çıxış və təqdimatların olması, müvafiq tədbirlərin müəyyənləşdirilməsi planlaşdırılıb.
Onu da bildirək ki, sözügedən beynəlxalq tədbirin məqsədi ÜHST və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə tərtib etdiyi strategiya əsasında RMQ-nin texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə PPR və FMD ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.