Azərbaycanın mütərəqqi təcrübəsi Vyanada keçirilən “Avropa Regionu üzrə Vahid Sağlamlıq” seminarında maraqla qarşılanıb
12 İyun 2024 16:31
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Vyana şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) “Avropa Regionu üzrə Vahid Sağlamlıq” mövzusunda keçirilən seminarında iştirak edir. 11-13 iyun tarixlərini əhatə edən seminarın məqsədi Avropada, həmçinin Mərkəzi Asiyada ictimai sağlamlıq, heyvan sağlamlığı və ətraf mühitin mühafizəsi üzrə “Regional Vahid Sağlamlıq Mexanizmi”nin yaradılması məsələlərinin müzakirəsi və ÜHST-in cari ildə Özbəkistanda keçiriləcək 31-ci Regional Konfransına təqdim ediləcək təkliflərin hazırlanmasından ibarətdir.
Seminarın ilk günündə Avstriya, Fransa və İsveçrə ilə yanaşı ölkəmizdə “Vahid sağlamlıq” konsepsiyasının icra vəziyyəti və görülən işlər barədə təqdimatlar edilib. Təqdimatda zoonoz mənşəli heyvan xəstəlikləri ilə mübarizənin və bu məqsədlə aidiyyəti qurumların əlaqəli fəaliyyətinin təşkili, antibiotiklərin dövriyyəsinə nəzarət mexanizmlərinin tətbiqinə dair geniş məlumat verilib. Regionda ilk dəfə helikopterdən istifadə etməklə ölkəmizdə vəhşi heyvanların quduzluq xəstəliyinə qarşı aldadıcı yemlər vasitəsilə peyvəndlənməsi, sürətlə yayıla bilən və insan sağlamlığı üçün də təhlükəli olan xəstəliklərə qarşı epizootoloji monitorinqlərin sistemli şəkildə həyata keçirilməsi və bunun üçün 2+ bioloji təhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların istifadəsi mütərəqqi təcrübə kimi qarşılanıb.
Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə azad olma statusunun təsdiq olunması və Avropa heyvan rifahı platformasının rəhbər komitəsinə üzv seçilməsi, habelə dabaq xəstəliyi üzrə regional məsləhət qrupunun rəhbəri kimi fəaliyyətləri yüksək qiymətləndirilib, ÜHST-in təşəbbüslərinə aktiv şəkildə qoşulduğu vurğulanıb.
Seminarın yekununda qəbul olunacaq sənədlərlə yanaşı, Azərbaycanın təcrübəsinin digər ölkələrdə də tətbiq olunması məsələsi müzakirə ediləcək.
Səfər zamanı ÜHST-in hazırda fəaliyyətdə olan Baş Direktoru Monik Elua və yeni seçilmiş, 2024-cü il 1 avqust tarixindən fəaliyyətə başlayacaq Baş Direktor Emanuel Soyberian, həmçinin təşkilatın Avropa üzrə regional ofisinin rəhbərliyi ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xatırladaq ki, seminarda ÜHST-nin Avropa üzrə regional ofisinə daxil olan 53 ölkə iştirak edir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.