Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
6 Dekabr 2023 16:50

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar "Elm fəaliyyətdədir" şüarı altında beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar. Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər” – sitatın sonu. ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə Heyvan Elmləri üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiyanı, tətbiqi təhsili və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet–sənaye tərəfdaşlıqlarının gücləndirilməsinə sadiqliyini vurğulayıb. Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib. Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub. Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. Jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək. “Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.