Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
18 Mart 2024 12:37

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.
Cari ilin 26 fevral – 1 mart tarixlərində keçirilmiş tədbir epizootik risk əsasında müəyyən olunmuş təbiət əraziləri və su hövzələri ətrafı əhatə edib. Bu ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəliyə şübhəli və ya tələf olmuş quşlar aşkar edilməyib. Monitorinq çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən 6 sənaye əsaslı quşçuluq müəssisəsindən 60 baş, habelə şəhər və rayonlardan ümumilikdə 8 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 40 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinq zamanı ev quşlarından götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quş aşkar edilməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Oxşar xəbərlər

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.

İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə baş tutan monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, vəhşi quşlara baxış keçirilir. Həmçinin xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Sonda epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
