Çiyələk haqqında nələri bilirik?
27 May 2024 12:31
1. Çiyələk əslində giləmeyvə deyil!
Çünki çiyələkdə toxum yuvası yoxdur və toxumlar birbaşa şirəli lətin üzərində yerləşir. Çiyələk toxumu çöldə olan yeganə meyvədir.
2. Çiyələk aşağı kalori və qlikemik indeksə malikdir.
Aşağı qlikemik indeksə malik olması və lif tərkibinə görə çiyələyin qan şəkərinin artmasına səbəb olma ehtimalı azdır. Ona görə də 2-ci tip diabet xəstələri üçün çiyələk sağlam seçim hesab edilir. Lakin bununla belə pasiyentlərin porsiya miqdarına diqqət etmələri vacibdir. Unutmayaq ki, balanslı qidalanma sağlam qidalanmanın təməlidir.
3. Çiyələk vitamin və minerallarla zəngindir.
Bunlara fol turşusu, manqan və C vitaminini misal çəkmək olar. Fol turşusu yeni hüceyrələrin əmələ gəlməsində iştirak edir. Manqan sümüklərin sağlamlığı və beyin funksiyaları üçün faydalıdır. C vitamini immun sistemi dəstəkləyir və yaraların sağalmasında kollagen sintezinə kömək göstərir. Maraqlıdır ki, 8 ədəd çiyələkdə 1 ədəd portağaldan daha çox C vitamini var.
4. Çiyələk antioksidantlarla zəngindir.
Antioksidantlar orqanizmdəki hüceyrələrə və DNT-yə zərər verə bilən sərbəst radikallarla mübarizə aparmağa kömək edən molekullardır. Daha sadə şəkildə desək, antioksidantlar hüceyrələri zədələnmələrdən qoruyur. Çiyələyin əsas antioksidantı antosianin adlanır. Antosianin həm də çiyələyə qırmızı rəng verir. Çiyələyin tərkibindəki antosianinin miqdarı meyvə yetişdikcə artır. Beləliklə, çiyələk nə qədər qırmızıdırsa, bir o qədər xeyirlidir. Çünki tərkibində daha çox antioksidant var.
5. Çiyələk beynin funksiyasını dəstəkləyir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki çiyələyin tərkibindəki antioksidantlar beyindəki iltihabı aradan qaldırmağa, yaşla bağlı yaddaş itkisini gecikdirməyə və yaşlılarda Alzheimer riskini azaltmağa kömək edə bilər.
Oxşar xəbərlər
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir baş tutub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ölkədə oktyabrın 20-dən noyabrın 20-dək elan olunan “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə hər bir uşağın hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün kompleks işlər həyata keçirilir. Uşaqların rifahı, təhsili, sağlamlığı və təhlükəsiz gələcəyi daim diqqət mərkəzində olmalıdır. Bütün bunlar uşaqların hüquqlarının etibarlı müdafiəsinə və onların layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-diyetoloq Tutu Zeynalova uşaqların sağlam qidalanmasının əhəmiyyətindən danışıb, bu sahədə diqqət yetirilməli əsas məqamları diqqətə çatdırıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb və onları bu istiqamətdə maarifləndirib. Tədbir çərçivəsində uşaq yazarı Mehriban Nağıyevanın müəllifi olduğu “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanan animasiya filmi nümayiş etdirilib. İştirakçılar uşaqların sağlam qidalanma mövzusunda çəkdikləri rəsmlərlə tanış olublar. Sonda tədbirdə iştirak edən uşaqlara sertifikat və hədiyyə təqdim olunub.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş