Heyvanların identifikasiyası
4 Aprel 2018 16:32
Bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir.
İzlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılmışdır. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuran Salmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.
İzlənilmə - doğulduğu vaxtdan kəsilənədək bir heyvanın növü, cinsi, sağlamlığı, yetişdirilmə məqsədləri və s. məlumatların qeydiyyata alınmasıdır. Ona görə də, izlənilmə biotəhlükəsizlik sistemi olub, “Tarladan süfrəyədək” prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin etməklə qidaların çirklənməsini, xəstəliklərin yayılması kimi faktorların qarşısının alınmasına kömək edir.
Heyvan və heyvan mənşəli məhsulların izlənilməsi heyvanların fərdi şəkildə identifikasiyası və qeydiyyata alınması ilə başlayır. Heyvan növləri, cinsləri, yetişdirilmə məqsədləri və s. nəzərə alınaraq, praktikada bir çox identifikasiya üsullarından istifadə edilir. Bununla belə, istifadə olunan identifikasiya vasitələrinin əksəriyyəti yalnız bir metodun tamamilə kifayət etmədiyini göstərir.
Hal-hazırda heyvanların qalıcı olaraq identifikasiyasında, əsasən, damğalama, qulaq işarətləmə, elektron identifikasiya və biometrik metodlardan istifadə olunur. Ənənəvi identifikasiya üsullarından biri olan damğalama (isti və soyuq) qaramal, at, qoyun və camışlarda istifadə olunur. İsti damğalama ağrılı metod olduğu üçün bir çox inkişaf etmiş ölkələrdə qadağandır.
Ən geniş istifadə edilən, ucuz, praktik və ənənəvi identifikasiya üsullarından biri döymədir. Döymə bütün heyvan növlərinin sol və ya sağ qulağına, atların dodaqlarına, ev heyvanlarının qasıqlarına, qoyun və keçilərin quyruq altına vurulur. Döymə tüksüz, qığırdaqsız və damarsız nahiyələrə vurulmalıdır. Bu nömrələr heyvan ölənə qədər oxuna bilir. Qrup (sürü) şəklində saxlanılan heyvanların tanınması üçün qulaq sırğalanması kimi başqa identifikasiya metodlarından da istifadə olunmalıdır.
Qulaq nahiyəsinin bir hissəsinin kəsilməsi qaramal, qoyun, keçi və donuzlarda istifadə olunan qalıcı, köhnə üsuldur. Keçmişdə tüberkülozlu (vərəm) qaramalların kəsiləcəyi zaman heyvanı tanımaq üçün qulağı T şəklində kəsərək işarələyirdilər.
İdentifikasiya üsullarından biri kimi praktikada ən geniş olaraq istifadə olunan üsul qulaq sırğalanmasıdır. Bu sırğalar müxtəlif şəkillərdə və materiyallarda ola bilər.
Yuxarıda qeyd etdiyimiz ənənəvi identifikasiya üsullarında (damğa, döymə, sırğalama və s.) heyvan rifahına mənfi təsir göstərmə, silinmə, oxunma xətaları, qısa oxunma məsafəsi və saxtalaşdırma əlamətləri olduğundan, yeni müasir identifikasiya üsulları (elektron, biometrik) yaranmışdır.
Elektron idenfikasiyada dəri altına vurula bilən mikroçiplər, eletronik qulaq sırğaları və kapsullarından istifadə olunur. Bu sistemdə zəif radiodalğalardan istifadə edilir. Radio dalğaları ilə identifikasiya (RFİD) ötürücü, RFİD oxuyucu / qəbul edici və bu sistemlər arasında əlaqə yaradan proqram təminatıdır. Elektron identifikasiyanın üstünlüyü ənənəvi üsulların təmin edə bilmədiyi çətin mühitlərdə də asanlıqla istifadə edilməsidir4.
Biometrik identifikasiya – heyvanların fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (burun izi, üz təsviri, diş izləri, gözün qişası, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətləri və s.) sistemdir. Biometrik identifikasiya hazırda “Tarladan süfrəyədək” izlənilmə sistemini ən etibarlı şəkildə təmin edən üsuldur.
Nəticə olaraq, heyvanların identifikasiya və izlənilmə sistemi qalıcı, pozulmayan, heyvana zərər verməyən quruluşda, asan tətbiqedilən və oxunabilən şəkildə olmalıdır. Belə bir sistem üçün qurulacaq məlumat bazası, heyvan sağlamlığına epidemioloji nəzarət, damazlıq proqramlarının müəyyənləşdirilməsini və qida zənciri boyunca izlənilmə təmin etməlidir.
İstinadlar:
1. Karakuş F. 2012. Çiftlikten Çatala İzlenebilirlik Sürecinin Başlangıç Noktası: Hayvanların Kimliklendirilmesi ve Kayıt Altına Alınması. International Animal Science Congress Of Turkish And Relatives Communities, 11-13 September 2012, Isparta, Turkey, p. 344 -353
2. OIE. 2011. Terrestrial animal health code. Volume I, General provisions. Twentieth edition, World Organisation for Animal Health (OIE). http://www.oie.int/doc/ged/D10905.PDF
3. Erdem, O.A. 2007. RFID taşıyıcı yongaları kullanılarak büyükbaş hayvanların internet üzerinden kimliklendirilmesi. Gazi Üniv. Müh. Mim. Fak. Der. 22(1): 175-180.
4. Huber, P.A. 2004. Use of electronic identification in practical conditions on livestock. 11th International Conference of the Association of Institutions for Tropical Veterinary Medicine and 16th Veterinary Association Malaysia Congress, 23-27 August 2004, Sunway Pyramid Convention Centre, Petaling Jaya, p. 110-112
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş