Qəhvəyi mərmər bağacığı və bu zərərverici ilə mübarizə tədbirləri
13 Fevral 2025 12:46
Qəhvəyi mərmər bağacığı nədir?
- Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Qəhvəyi mərmər bağacığının yayılması:
- Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir.
Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları:
- Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə Qəhvəyi mərmər bağacığının gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.
- Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir.
- Yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır.
- Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin I nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər.
Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və bu zərərvericiyə qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş