AQTA “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir
23 Noyabr 2021 16:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir.
Layihənin məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Proqramda könüllü qismində iştirak etmək üçün ali və ya peşə ixtisas təhsili (istehlak mallarının ekspertizası və marketinqi, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, biologiya, kimya, kimya mühəndisliyi) olan, 16-29 yaş arası gənclər müraciət edə bilər.
AQTA-nın “Könüllü Qida Nəzarətçisi” olmaq istəyən gənclər qurumun rəsmi internet portalına (afsa.gov.az) daxil olub, “Könüllülər” bölməsində qeydiyyatdan keçərək müraciət edə bilərlər. http://afsa.gov.az/az/info#volunteer
Qeyd edək ki, layihə “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təşkil olunur.
Oxşar xəbərlər
“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu ilə görüş keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sağlam qidanın təbliğində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirib. Bildirib ki, könüllülər əhalinin maarifləndirilməsində özünəməxsus rol oynayır. Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri”nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun illik hesabatı təqdim edilib. Qeyd olunub ki, ildən ilə könüllülərin sıraları genişlənir, onların qida sektorunun inkişafındakı rolu daha da artır. İndiyə qədər 1832 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 350 nəfər seçilib. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir. Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim edilib.
“Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər üçün qeydiyyat prosesinə start verilib. Qida təhlükəsizliyi və ya bu sahəyə yaxın digər istiqamətlər üzrə təhsilə malik, yaşı 16-29 arası olan şəxslər könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər. Təşəbbüs qrupunda yeni fəaliyyətə başlayacaq könüllülər müxtəlif təlim və infoturlara, həmçinin istehlakçılar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb olunacaqlar. Eləcə də onlar ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdə iştirak edəcəklər. Könüllülər barədə məlumatlar müvafiq bazaya əlavə olunacaq və onlara müvafiq sertifikatlar təqdim ediləcək. Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, eyni zamanda gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir. “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/1hcvP
ADAU-nun tələbə və məzunları AQTİ-nin iş şəraiti ilə tanış olublar
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq və əczaçılıq ixtisasları üzrə bakalavr təhsili alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursunu davam etdirir.
Giriş