AQTİ-də Təlim Mərkəzi fəaliyyətə başlayır
10 Fevral 2021 13:17


Qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi, bu istiqamətdə mütəmadi qaydada təlimlərin təşkil edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Qida Təhlükəsizliyi Təlim Mərkəzi fəaliyyətə başlayır. İlkin mərhələdə Təlim Mərkəzinin konsepsiyası və xüsusi tərtibatda kataloqu, eyni zamanda mərkəzin səmərəli fəaliyyəti ilə bağlı əsas təlim metodları və ilkin qeydiyyatı ilə bağlı xüsusi formalar hazırlanıb.
Təlimlərin daha səmərəli və keyfiyyətli təşkili üçün AQTA və AQTİ mütəxəssisləri və beynəlxalq təlimçilərin siyahısı müəyyən edilib, təyin edilmiş meyarlar üzrə təlimçilərin təsnifatlaşdırılması aparılıb və daim yenilənən təlimçi bazası yaradılıb. Eyni zamanda, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı istiqamətləri ilə bağlı peşə kvalifikasiyaları üzrə sertifikatlaşdırma mexanizmi yaradılıb, bu sahələr üzrə xüsusi təlim modulları və onların alt modulları hazırlanıb.
Bundan başqa, ali təhsil müəssisələri ilə müvafiq ixtisas sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. İlkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Gələcəkdə Qida Təhlükəsizliyi Təlim Mərkəzində “Onlayn məsləhət”, “Məsafədən təlim”, “Təlimlərə və tədbirlərə onlayn qeydiyyat” panellərindən ibarət elektron xidmətlər platformasının yaradılması nəzərdə tutulur.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
