Yanvarın 1-dən qida məhsulları üzərində məlumatlarla bağlı yeni tələblər qüvvəyə minir
13 Oktyabr 2022 10:52
Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.
Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılmasına, dolayısı ilə onların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu da son nəticədə insan sağlamlığı və həyatı üçün müəyyən problemlər yarada bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun, o cümlədən mineral suyun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.