Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus “Tərtər” bazarında yoxlama keçirib. Bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev idman qidaları ilə bağlı gənclərə müraciət edib. O bildirib ki, son illərdə idmana marağın artması ilə paralel olaraq idman qidalarından istifadə edənlərin sayı da artır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonu, Əliqasımlı kəndində fəaliyyət göstərən, Şirəliyev Malik Musaxan oğluna məxsus “Ülviyyə” şadlıq sarayında yoxlama keçirib.
Məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Məhsulların mənşəyi və hərəkət zənciri barədə məlumatların qeydə alınması qida mənşəli risklərin vaxtında aşkarlanmasına, təhlükəli məhsulların dövriyyədən çıxarılmasına, eləcə də istehlakçıların qida və yem məhsulları ilə bağlı dolğun və dəqiq məlumat əldə etməsinə imkan yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, habelə qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi mexanizmini müəyyən edir. Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar. Bu baxımdan qida subyektlərinə fəaliyyətlərini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təşkil etmələri, məhsulların izlənilə bilməsini təmin edən sistemlərin qurulmasına xüsusi diqqət yetirmələri tövsiyə olunur. Qeyd edək ki, sahibkarlar izlənilmə sistemlərinin qurulmasını və bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrin xidmətlərindən yararlana bilərlər. Daha ətraflı:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Həsən Nizami oğluna məxsus marketdə yoxlama keçirib. Baxış zamanı satışda “N1 Organik”, “Premium” əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orjinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri DİN-in Füzuli RPŞ-nin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib. Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb. Araşdırmalar davam etdirilir.
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib. Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir. Daha ətraflı:
Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib. Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib. Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb. Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.
Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb. Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb. Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq. Qeyd edək ki, Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir. Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qurban bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi prosesinə nəzarət gücləndirilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində vətəndaşlara yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar təqdim ediləcək, kəsim isə xüsusi baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək. Vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda yerli icra hakimiyyəti orqanları tərəfindən AQTA ilə razılaşdırılmış səyyar heyvan kəsimi çadırları da qurulacaq. AQTA vətəndaşları qurban kəsimini dini qaydalarla yanaşı, qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Küçə, yol kənarı və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eləcə də baytarlıq sənədi olmadan heyvan daşınması yolverilməz hesab olunur. Ətraflı linkdə:
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb. Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
Giriş