Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xankəndi şəhərində fəaliyyət göstərən, sahibkar Qasımov Mahir İsmayıl oğluna məxsus şərab satışı mağazasında yoxlama keçirib. Mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus “Fırınçı” kafesində yoxlama keçirib. İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Sosial şəbəkələr və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) təbliği qeyd olunan sahəyə marağın genişlənməsinə səbəb olub. İdman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Bununla yanaşı, məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Belə məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Ətraflı:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır. Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışı həyata keçirilən mağazalarda və idman zallarında nəzarət tədbirlərini davam etdirir. Monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında isə “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Babayev Bakir Tohid oğluna məxsus ərzaq məhsullarının topdan satışı mağazasında yoxlama keçirib. Baxış zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, ”Revizor Vodka” əmtəə nişanlı alkaqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborotor müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Etalon Vodka” və ”Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
“Erkən kəsimə son!” layihəsinə ictimai dəstək artır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Qida Təhlükəsizliyi Agentliyinin quzuların erkən kəsilməsinin qarşısının alınması ilə bağlı çağırışına qoşularaq təşəbbüsə dəstəyini ifadə edib. O, bütün həmkarlarını təşəbbüsə dəstək göstərməyə dəvət edib: “Azərbaycanda qədim dövrlərdən formalaşmış ənənələr və dini dəyərlər bu məsələyə xüsusi yanaşmanı tələb edir. İslam qaydalarına əsasən, xüsusilə Qurban bayramı zamanı bir yaşını tamamlamamış heyvanların kəsilməsi məqsədəuyğun hesab edilmir.” T. Əmiraslanovun sözlərinə görə, tarixi mənbələrə, o cümlədən qədim mətbəx ənənələrinə nəzər saldıqda kəsim məqsədilə əsasən yetkin heyvanların – qoyunların, bir yaşını tamamlamış toğluların istifadə edildiyi qeyd olunur. Bu isə quzuların kəsilməsinin ənənəvi yanaşma olmadığını göstərir. Kulinariya baxımından da quzu ətinin xüsusiyyətləri tam formalaşmadığı üçün yeməklərdə istənilən nəticəni vermir. O qeyd edib ki, həm tibbi, həm kulinariya, həm dini, həm də iqtisadi baxımdan quzuların erkən kəsilməsi məqsədəuyğun deyil. Daha ətraflı:
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 30 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəcəbov Nadir Heydər oğluna məxsus “Şok” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yerləşən tort istehsalı sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, tort istehsalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz şəhəri, M. Musayev küçəsində fəaliyyət göstərən “Nəsimi” firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Belə ki, bazarda ət və süd məhsullarının satışı sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmadığı, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılmadığı müəyyən olunub. Eyni zamanda, ət və süd məhsullarının saxlanma temperaturuna riayət edilmədən satışa çıxarıldığı, etiket məlumatları olmayan qida məhsullarının realizə edildiyi aşkarlanıb. Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi, istehsal prosesi zamanı yaranan tullantıların ağzı kip bağlanan qablara toplanıb kənarlaşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhəri, İ.Kaverin küçəsində fəaliyyət göstərən, Həsənov Nurid Həsən oğluna məxsus “Olimp” marketdə yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində “Organic Brand”, “Naturel”, “Bakineç”, ”Wheat Water” əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Giriş