Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“8-ci km” bazarında yerləşən “Nəzrin-E” MMC-də aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb - VİDEO
“8-ci km” bazarında yerləşən “Nəzrin-E” MMC-də aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

AQTA “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edir
AQTA “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.  ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib. Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər. AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb. INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.

Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
Gəncə və Göygölün bir sıra ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ticarət obyektlərində yoxlama keçirilib. Baxış zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub. Belə ki, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Azər Ələkbər oğluna məxsus mağazada “Naturel” və “Беленькая Водка”, Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Elgün Aydın oğluna məxsus mağazada “Ağsu”, Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Aslanov Raqif Qədir oğluna məxsus “Əkizlər” marketdə “Organic Brand”, Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Abbasov Elçin Ələddin oğluna məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”, Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Quluyev Cavid Şəmsəddin oğluna məxsus “Gilavar” marketdə “Organic Росинка”, Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Elnur Şahvələd oğluna məxsus “BEH” marketdə “N1 Organic” əmtəə nişanlı saxta araqlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab