Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yerləşən ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların — balıq, quş əti və digər tez xarab olan qidaların — açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib. Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb. Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib. Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək. Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx:
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib. Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib. Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib. Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub. Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal” bazarına və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçirib. Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır. “İnşaatçılar” metrostansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur. Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala, İmişli və Tovuz rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında növbəti monitorinqlər həyata keçirilib. Monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən edilib. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik çərçivəsində inzibati tədbirlər görülüb. AQTA bildirir ki, insanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam etdiriləcək və sərt tədbirlər görüləcək. Ərzaq bazarlarlarında aparılan monitorinqlərə dair videoçarx:
Masallı rayonu, Babaser kəndində fəaliyyət göstərən, fiziki şəxs Qardaşov Mais Ələkbər oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, qazlı su və mənşəyi məlum olmayan “Organic Lyuks”, “Lyuks Line”, “Gold Organik”, “Banqero Organic”, “Органик Березка”, “Vip Line” əmtəə nişanlı saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA daxil olan müraciət əsasında Tovuz rayonu, Yanıqlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Calal Qələndər oğluna məxsus “Kənan” pərakəndə satış mağazasında plandankənar yoxlama keçirib. Baxış zamanı müşayiətedici sənədləri olmayan “Organic №1”, “Organic”, “Orlovskaya” əmtəə nişanlı saxta araqlar və yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları müəyyən edilib. İstehlaka yararsız qida məhsulları dərhal satışdan kənarlaşdırılıb. Qaimə, faktura və sair sənədləri mövcud olmayan araq məhsullarının satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı inzibati protokol tərtib edilərək mağaza rəhbəri məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd keçirilib. Baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşuların satışa çıxarıldığı məlum olub. Eyni zamanda bazarın daxilində qanunsuz fəaliyyət göstərən diri quşların satışı və kəsimi sahəsi aşkarlanıb. Burada baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin pozulduğu, kəsim və satışın antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Bundan başqa, aparılan reyd zamanı bazar ətrafında fəaliyyət göstərən “Kəngərli-203 Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus ət satışı mağazasında qanunsuz olaraq heyvan kəsimi üçün dəmir konstruksiyaların quraşdırıldığı, iri və xırdabuynuzlu heyvanların satışı və kəsiminin baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı qanunsuz quraşdırılmış dəmir konstruksiyalar yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb, kəsimin həyata keçirildiyi obyektin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib olunub. Reyd zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi göstərişlər verilib, məsələ nəzarətdə saxlanılır. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə, Ağstafa və Salyan rayonlarında yerləşən ərzaq bazarlarında monitorinq keçirib. Nəzarət tədbirləri zamanı bazarlarda yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satışa təqdim edildiyi müəyyən olunub. Xüsusilə ət, balıq və quş əti məhsullarının, turşuların üstü açıq, toz və çirklənməyə məruz qalan mühitdə satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır. AQTA bir daha bazar rəhbərlərinə xəbərdarlıq edir ki, qida məhsullarının satışı tam təhlükəsiz şəraitdə həyata keçirilməlidir. İnsanların həyat və sağlamlığını riskə atan, qaydalara əməl etməyən satış müəssisələri barəsində qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir. Agentlik əhalini qida məhsullarını alarkən satış və saxlama şəraitinə diqqət etməyi tövsiyə edir. Bölgə bazarlarında mövcud vəziyyətlə bağlı link:
Ağcabədi rayonunun İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus “Tac” topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı “Banketnaya” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub. Belə ki, orijinaldan fərqlənən və üzərində zədələnmə əlaməti olan içkilərin mənşəyi məlum olmayan spirtdən hazırlandığı, başlıq hissənin təkrar bərkidildiyi və istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək içkilərin satışının qarşısı alınıb, sahibkara icrası məcburi göstərişlər verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyən edilib. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib. Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib. Sahibkara icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam edir. Ətraflı link:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əzimov Rövşən Xoşgün oğluna məxsus “Tandir House Lənkəran” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması və emalı sahələrinin izolyasiya edilmədiyi, anbar sahəsinin və ayrıca yuma çanaqlarının təşkil olunmadığı, hazırlanan yarımfabrikatların üzərində etiket məlumatlarının olmadığı, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 15/51 ünvanında yerləşən, fiziki şəxs Arcumandi Selcan Saləddin qızına məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Giriş