1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
18 May 2018 15:23
Mayın 18-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa Birliyinin Azərbaycan Nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə təşkil olunan 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb. Bakı Bulvar Oteldə baş tutan konfrans 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ilə paralel həyata keçirilib.
Konfransın məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan höküməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycanın regionda və beynəlxalq arenada qida sənayesi cəhətdən inkişaf etməsi, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə qida məhsullarının keyfiyyətini yaxşılaşdırması prioritet məsələlərdəndir. Azərbaycan məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək qida sənayesi sektorunun inkişaf etməsinə, istehsalçıların yeni beynəlxalq bazarlara çıxış əldə etməsinə səbəb olacaqdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açılış nitqi ilə çıxış edib və bildirib ki, qida təhlükəsizliyi məsələsi cəmiyyət həyatında stabilliyin, dayanıqlı inkişafın təmin olunması üçün strateji əhəmiyyət daşımaqdadır.
Agentliyin sədri konfransın keçirilməsində əsas məqsədlərdən birinin Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, eləcə də bu istiqamətdə Agentlik və beynəlxalq qurumlar arasında fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.
Vurğulanıb ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əmakdaşlığını daha da genişləndirəcək, Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcəkdir.
Konfransın açılış hissəsində həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropa İttifaqının Bakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams və İran İslam Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər. Tədbirin əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorlarında ixracatın inkişafına köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyini ifadə ediblər.
Açılış nitqlərindən sonra konfrans öz işini texniki sessiyalarda davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdirilib. Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınma yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunub.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş