27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel 2024 11:44

27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Beynəlxalq Baytar Həkimi Günü hər il dünyanın bir çox ölkəsində aprel ayının son şənbə günü qeyd edilir. Bu gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub.
Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfələr vermək məqsədilə keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox nailiyyətlər əldə edib. Respublika ərazisində dabaq, brusellyoz, xırdabuynuzlu heyvanların taunu, qoçların epidemit, quduzluq, quşların qripi, reovirus, infeksion larinqotraxeit, pasterellyoz, infeksion bronxit və mikoplazmoz və s. xəstəliklərə qarşı kənd təsərrüfatı heyvanlarında, vəhşi quş və heyvanlarda dövri olaraq epizootoloji monitorinqlər həyata keçirilir. Ölkəmizdə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 15-dən 106-ya çatdırılıb. Eyni zamanda Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı, idxalı prosedurları və baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb.
Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. 2022-2023-cü illər üzrə ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, kənd ətrafı meşə massivləri əhatə olunmaqla, Xızı və Siyəzən rayonlarının inzibati ərazisindən Qusar və Xaçmaz rayonları ərazisinə və Rusiya Federasiyası ilə dövlət sərhədinə kimi, digər regionda isə Şamaxı rayonunun inzibati ərazisindən Balakən rayonu və Gürcüstanla dövlət sərhədinə qədər helikopter vasitəsi ilə aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Atların manqo xəstəliyi ilə bağlı ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan atlara tətbiq edilən qadağa 2021-ci ildən etibarən aradan qaldırılıb və atların ixracı bərpa edilib. Ölkəmizin atların Afrika xəstəliyindən və donuzların Afrika taunu xəstəliyindən 2024-cü il üzrə azadolma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib.
Respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadolma statusunun təsdiq olunmasına dair hesabat ÜHST tərəfindən qəbul edilib və ölkəmizin müvafiq tələblərə cavab verməsi barədə qərar qəbul edilib. 2023-cü ilin 25-27 aprel tarixlərində ölkəmizdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan 3 il müddətinə ÜHST-nin dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilib.
Hazırda ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənilməsinə imkan verəcək Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi yaradılıb.
Həmçinin, heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası üzrə 8 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində heyvan və quşların xüsusi təhlükəli xəstəlikləri üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.
Laboratoriyalar xüsusi təhlükəli xəstəliklər üzrə ISO 17025-2017 standartının tələblərinə uyğun milli akkreditasiyadan keçib. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə ISO 17025 beynəlxalq standartın tələblərinə uyğun beynəlxalq akkreditasiyadan keçmiş ilk laboratoriyadır.
Eyni zamanda AQTİ tabeliyində böhran vəziyyətinin idarəolunması üçün biotəhlükəsizlik səviyyəsi 2+ uyğun olan, ləvazimat və avadanlıqlarla tam təchiz olan 3 səhra və 1 nəqliyyat tipli mobil laboratoriya fəaliyyət göstərir.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.