42360 sayda iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
14 İyun 2022 18:00
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə zəruri məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib. 2021-ci il 15 dekabr - 2022-ci il 14 iyun tarixlərində sözügedən ərazilərin ailə-kəndli və fermer təsərrüfatlarında 42360 sayda iribuynuzlu heyvan identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 18972-si Bakı şəhəri, 20178-i Abşeron rayonu, 3210-u isə Sumqayıt şəhərinin payına düşür.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) yer alır. Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
“Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.