57 ictimai iaşə obyektində qaydalara əməl olunmadığı aşkarlanıb
2 Noyabr 2020 14:57
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 30-31 oktyabr və 1 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 939 ictimai iaşə obyektində 1569 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 57 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) 2026-cı il 6-10 aprel tarixlərində növbəti epizootoloji monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək. Vəhşi quşlardan və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Monitorinq müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb ediləcəkdir.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə imkan yaradır
Ölkədə heyvan sağlamlığının qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqi uğurla davam edir. Bu sistem xəstəliklərin diaqnostikası və profilaktikası üzrə həyata keçirilən tədbirlərə nəzarəti gücləndirməklə yanaşı, heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə geniş imkan yaradır. Hazırda ölkəmizdə identifikasiya məqsədilə vizual və elektron qulaq birkaları, mikroçiplər və bolyuslar kimi innovativ vasitələrdən geniş istifadə olunur. Bu yanaşma hər bir heyvan üzrə tətbiq olunan peyvəndlər, antibiotiklər və digər baytarlıq preparatları, həmçinin qoyulmuş diaqnozlar barədə məlumatların vahid elektron bazada toplanmasına şərait yaradır. Toplanmış məlumatlar heyvan sağlamlığı ilə bağlı vəziyyətin operativ təhlilinə imkan verir, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasını xeyli asanlaşdırır. Bununla yanaşı, sistem heyvanların genetik xətt üzrə izlənilməsinə, damazlıq işinin daha səmərəli təşkilinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Ümumilikdə, heyvanların identifikasiyası heyvan və heyvan mənşəli məhsulların izlənilməsini təmin etməklə ölkədə bioloji təhlükəsizliyin möhkəmləndirilməsində və insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Qeyd edək ki, HİQS-də bugünədək 916 842 baş heyvan qeydiyyata alınıb. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz:
Giriş