ABŞ və Macarıstanın bəzi inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
14 Noyabr 2023 12:35
![ABŞ və Macarıstanın bəzi inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb](https://afsa.gov.az/resized/resize649/center/pages/7846/xeber-formasi-goy-uah.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün ABŞ-nin Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10283/whatsapp-image-2025-02-17-at-145137.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran, İmişli, Tərtər və Ağdam rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
![Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır](https://afsa.gov.az/resized/resize224/center/pages/10280/whatsapp-image-2025-02-17-at-142736.jpg)
Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zoologiya İnstitutu ilə birgə Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçirilir. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan 13 min aldadıcı yem paylanacaq. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub](https://afsa.gov.az/resized/resize224/center/pages/10270/whatsapp-image-2025-02-17-at-102514.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Koroşka, Savinska regionlarında blutanq, İsrail Dövlətinin Şimal dairəsində dabaq, Hindistan Respublikasının Çhattisqarh ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, çütdırnaqlı heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.